Ölkə kubokunun sahibi “ofsayd"da qaldı (20.03.2006, hettrik)

single-news
20 Mar 2006

Ölkə kubokunun sahibi “ofsayd"da qaldı (20.03.2006, hettrik)



İlk oyundakı məğlubiyyətə baxmayaraq, "Bakı"nın növbəti mərhələyə çıxmaq şansı yüksək qiymətləndirilirdi. Paytaxt təmsilçisinə bu qarşılaşmada öz qapısından qol buraxmamaq şərtilə bir top vurmaq da kifayət edirdi. Çempionluqdan tamamilə əlini üzmüş "Qarabağ" isə bütün ümidlərini kuboka bağlamışdı. Qeyd olunanları nəzərə alsaq, matçın maraqlı keçəcəyini gözləmək olardı. Qarşılaşmanın ilk dəqiqələri kəşfiyyat xarakteri daşıyırdı. Futbolçular xoşbəxtliyi rəqib qapısında axtarmaq əvəzinə, daha çox mübahisə edirdilər. Bu da tərəflər arasında kobud oyuna gətirib çıxarırdı. İlk təhlükəli vəziyyət birinci hissənin ortalarına təsadüf etdi. Leandro Qomeşin başla zərbəsini rəqib qapıçı asanlıqla dəf etdi. Buna cavab olaraq qonaqların hücumu daha təhlükəli alındı. Qoqa Beraya mərkəzdə topu rəqibdən "oğurlayaraq" bir qədər irəlilədikdən sonra uzaq məsafədən qapını nişan aldı. Xalidu gözlənilməz zərbədən özünü itirmədi, topu künc nöqtəsinə göndərmək bahasına olsa belə, təhlükəni sovuşdurdu. Gərgin keçən oyunda rəqibə qarşı növbəti kobudluq hücumçu Samir Musayevdən gəldi və o, sarı vərəqəylə cəzalandırıldı. Bu, onun dördüncü "sarı"sı olduğundan, Musayev qarşıdakı oyunda iştirak edə bilməyəcək. Yeri gəlmişkən, hissənin əvvəllərində Samir Yaşar Abuzərova sillə vurmuşdu və hücumçu buna görə qırmızı vərəqə almalıydı. İkinci yarı da birincinin təkrarı oldu. "Bakı"nın kor-koranə hücumlarının qarşısını asanlıqla alan ağdamlılar əks həmlələrə bel bağlayırdı. Hissənin əvvəllərində cərimə zərbəsini yerinə yetirən Aleksandr Qoqoberişvilinin qapı önünə etdiyi ötürmə oyundaşına toxunaraq, istiqamətini dəyişdi. Lakin Cahangir Həsənzadə çətinliklə də olsa, topu tirin üstündən aşıra bildi. Növbəti təhlükə də "Bakı"dan gəldi. Ramin Quliyevin ötürməsindən sonra Vadim Vasilyev yaxın məsafədən topu başla qapıçının üstünə vurdu. Qonaqlar da ardıcıl iki hücumda sevinməyə yaxın idi. Əvvəlcə Qoqanın vuruşu dirəyin yanından keçdi, ardınca isə Samir Musayevin cərimə zərbəsi təhlükəli alındı. Nəticə Əsgər Abdullayeve qane etmədiyindən, məşqçi Stanislav Lobanı Ceyhun Sultanovla, Fernando Peresi isə Ramazan Abbasovla əvəzlədi. Lakin bu əvəzləmələr də heç nəyi dəyişmədi. Halbuki Ramin Quliyev "Bakı"nın xilaskarına çevrilməyə olduqca yaxın idi. Künc zərbəsindən sonra top cərimə meydançası daxilində Quliyevin önünə düşdü. O isə yaxın məsafədən "çərçivə"ni dəqiq nişan ala bilmədi. Beləliklə, "ev"də qazanılan qələbə sayəsində "Qarabağ" yarımfinala yüksəldi. Burada isə Ağdam klubu "Turan"ı mübarizədən kənarlaşdıran "Neftçi" ilə üz-üzə gələcək.

Paylaş