"Onların məqsədini öyrənmək üçün Dubaya gedirəm" MÜSAHİBƏ (sportal.az)

single-news
27 Fev 2012

"Onların məqsədini öyrənmək üçün Dubaya gedirəm" MÜSAHİBƏ (sportal.az)



Qurban Qurbanov qərarını dəyişməsinin səbəblərini açıqladı
 
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun Sportal.az saytına müsahibəsi
 
- Əvvəlcə millinin Dubay toplanışına getməkdən imtina etdiniz. Sonradan isə AFFA-nın təklifinə müsbət cavab verdiniz. Qərarınızı dəyişməyə sizi nə vadar elədi?
- Əvvəl mənə birbaşa toplanışa gedəcəyimizi söylədilər. Təbii ki, mən də uzun müddət orada ola bilməzdim. Yəni əvvəlcədən deməmişdilər ki, bizi niyə aparırlar, burada məqsəd nədi. Sadəcə demişdilər ki, Dubaya gedirik. Mən isə təklifdən imtina etdim. Sonradan isə federasiyadan mənə zəng vurub dedilər ki, bir oyunluq bütün məşqçiləri Dubaya dəvət edirik. Normal söhbət getdi. Mən də qəbul elədim. Məncə, burada qeyri-adi bir şey yoxdu.
 
- Ümumiyyətlə, çempionatın belə bir vaxtında klubların baş məşqçilərinin Dubaya dəvət olunmasını siz düzgün hesab edirsinizmi?
- Hər bir məşqçi artıq qərarını verib. İstəsə gedə bilər, istəməsə getməz. Digər tərəfdən, mənə sərf etmir ki, 1 həftə, 10 gün komanda məndən ayrı düşsün. Ancaq nəzərə alsaq ki, ayın 29-dakı oyun rəsmi yoldaşlıq görüşüdü və FİFA-nın pəncərəsinə düşür, qanunla buna məcburuq. Əlbəttə, Dubaya getmək mənim işimə mane olur. Amma bu qərar federasiya tərəfindən qəbul olunubsa, biz də məcburən güzəştə getməliyik. Amma ötən mövsüm çempionatın qızğın vaxtında oyunçularımızı millinin toplanışına buraxmamışdıq. Onda da federasiya bizi anlayışla qarşılamışdı. Buna görə də hərdən bir-birimizə güzəştə getmək lazımdı.
 
- Qeyd etdiniz ki, millinin cəmi bir oyununu izləmək üçün Dubaya gedirsiniz. Bu bir matçı stadiondan canlı izləmək komandamıza nə verə bilər? Həmin görüşü televiziya vasitəsilə də izləmək olar.
- Bu günə kimi AFFA-dan bizə belə bir dəvət olmayıb. Bu, ilk dəfə olduğu üçün qəbul elədim. Mən ora sadəcə bir oyuna baxmağa gedirəm. Ən azından görəcəyik ki, millimizin üzvləri oyuna necə hazırlaşırlar, necə çıxırlar. Bəlkə bizim də futbolçulara, məşqçilərə hər hansı iradlarımız, təkliflərimiz olacaq. Orada oyuna baxandan sonra gələcəyi düşünəcəyik.
 
- Sizcə, Foqts məşqçilərin iradlarına qulaq asacaq?
- Biz bunu Foqts qulaq assın deyə deməyəcəyik, sadəcə öz fikirlərimizi bildirəcəyik. Ola bilər ki, kimsə qulaq asar, kimsə dinləməz, kimə sə sərf edər, başqasına sərf etməz. Bu, başqa məsələdi. Əsas odu ki, Dubaydan hansı təəssüratlarla qayıdacağıq. Hər şey milli komanda üçündü. Bu gün Azərbaycan futbolu axtarışdadı. Ölkə çempionatı stabil keçmir. Son 5 ildə ölkəmizdə fərqli-fərqli çempionatlar keçirilib. Biz sərbəstik. Amma federasiya qərar qəbul edibsə, gərək gedib yerində baxaq ki, niyə belə bir iş görüblər, məqsəd nədi. Bunun bizə nə kimi xeyiri olacaq. Bu o demək deyil ki, biz bu gün Dubaya getdik, milli komandadan tamamilə razı qalacağıq. Onların məqsədini öyrənmək üçün Dubaya gedirəm.
 
- Az öncə dediniz ki, AFFA ilk dəfə belə bir təklif irəli sürdüyü üçün bunu qəbul elədiniz. Maraqlıdı, bundan sonra da hazırkı şəraitdə, yəni çempionatın belə bir vaxtında sizə bu cür təklif gəlsə, onda qərarınız nə olacaq?
- Mən yenə deyirəm ki, rəsmi oyunlar zamanı onsuz da bizim çempionatımız dayanır. Beynəlxalq oyunlarda bizim iştirak etməyimiz ən azından təcrübə baxımından sərfəlidi. Yenə deyirəm, mən toplanışa getmirəm, oyunu izləməyə gedirəm. Orada qalmayacağam.
 
- Bir az da çempionat barədə danışaq. Fasilədən sonra ardıcıl iki oyunda qələbə qazandınız. Sizcə, bunu nəyə borclusunuz?
- Qış hazırlığımız pis keçmədi. Ən azından bütün futbolçularımız bir yerdə yaxşı istirahət edib, üzərilərindəki psixoloji gərginliyi ata bildilər. Mən bunu ilk növbədə yaxşı hazırlıqla əlaqələndirərdim. Ancaq arxayınlaşmamalıyıq. Çünki qarşıda daha çətin oyunlarımız var və rəqiblərimiz bizə qarşı daha çox motivasiya ilə oynayacaqlar.
 
- Fasiləyə qədər komanda qeyri-stabil çıxış edirdi və artıq futbolçularda, elə sizin özünüzdə də çempionluq barədə şübhə yaranmışdı. Mətbuata açıqlamalarınızda da bildirmişdiniz ki, çətin olacaq. Hazırda liderlə aranızda 8 xallıq fərq var. "Qarabağ"ın çempionluq şanslarını bundan sonra necə dəyərləndirirsiniz?
- Həyatda mümkünsüz şey yoxdu. Amma yenə də çətindi. Çünki get-gedə oyunların sayı azalır. 8 xallıq fərq ən azında 3 oyun deməkdi. Biz daim qələbə qazanmalı, lider isə məğlub olmalıdı. Bu, bir az çətindi. Allah eləməsin, bizim 1 oyun uduzmağımız fərqin böyüməsinə gətirib çıxaracaq. Amma istənilən halda sona qədər mübarizə aparacağıq.
 
- Vaqif Cavadov oynaya bilməsə də, yeni transferləriniz - Eltun Yaqublu və Muarem Muarem "Qarabağ"ın heyətində Premyer Liqada debüt etdilər. Onların çıxışından razı qaldınız?
- Eltun cavan oyunçudu. Bizə bir qədər gec qoşuldu. Amma düşünürəm ki, inşallah daha da yaxşı olacaq. Bundan əvvəl əsas komandanın heyətində az oyun keçirib. Ancaq perspektivi var. "Kəpəz"lə oyunda 90 dəqiqə oynadı. Amma bu heç kimi aldatmamalıdı. Çalışırıq ki, gələcəkdə daim "Qarabağ"ın əsas heyətində yer alsın. Digər transferimiz Muarem Muaremə gəldikdə isə biz onunla Bakıda görüşdük. Burada məşqlərə başladıq. İstedadlı futbolçudu. Amma biz bu gün onu əsas heyətdə oynatsaq, "yandıra" bilərik. Çalışıram ki, daha yaxşı formada olanda ondan istifadə edim. Xarakter baxımından sərt futbolçudu. Amma mən düşünürəm ki, komandamıza xeyir verən oyunçu olacaq.
 
- Vaqif Cavadovun cəzasının azaldılması ilə bağlı AFFA-ya müraciət olunub?
- Cərimə yalnız pul olsaydı, biz onu çoxdan ödəyib, Vaqifi Premyer Liqa oyunlarında meydana buraxardıq. Biz AFFA-ya müraciət eləmişdik. Həmin vaxt İcraiyyə Komitəsinin iclası olmalıydı. O da təxirə salındı. Sonra da dedilər ki, Foqts gələndən sonra məsələyə baxılacaq. Yəqin nəzərə alarlar. Yenidən bununla bağlı AFFA-ya müraciət edəcəyik. Vaqif cavan oyunçudu. Ola bilər səhv etsinlər. Buna görə cəza vermək olar. Amma istənilən halda Vaqif həmin vaxt Rusiyada oynayırdı. Cəzanı Azərbaycan Premyer Liqasının oyunlarına aid etmək mənim üçün xoş olmadı. Bir-iki oyun cəza vermək molardı. Amma 5 oyun həqiqətən də çoxdu.

Paylaş

// pop up