OYNAYAN KİM, QALİB KİM ?!
11 Dek 2005
OYNAYAN KİM, QALİB KİM ?!
Matç kəşfiyyatsız və eyni zamanda kobudluqla yadda qalan epizodlarla start götürdü. Bunun nəticəsi olaraq, matçın 9-cu dəqiqəsində meydan sahibləri az qala azlıqda qalacaqdılar.Amma matç boyu cəsarətsiz hərəkətləri ilə yadda qalan Baş Hakim İmamxan Sultani açıq-aşkar Aslana yumruq atan Sinişa Brankoviçə sarı vərəqə verməklə kifayətləndi. Bundan üç dəqiqə sonra isə hesab açıldı. Cərimə xətti həndəvərindən o qədər də güclü olmayan zərbə qarşısında Cahangir aciz qaldı.
Hesab açılandan sonra hücumların kəsərini artıran "Qarabağ" az sonra hesabı bərabərləşdirmək üçün real şans qazandı. Amma Voskoboynik-Samir paslaşması sonda qeyri-dəqiq zərbə ilə yadda qaldı. 28-ci dəqiqədə Voskoboynikə qarşı kobudluqdan sonra Denisin cərimə zərbəsi canlı səddən döndü. 33-cü dəqiqədə Denisin ötürməsindən sonra bu dəfə Aslanın yaxın məsafədən zərbəsini qapıçı tuta bildi. Hissənin son dəqiqəsində isə Müşviq Hüseynov hesabı bərabərləşdirməyə borclu idi. Amma onun 2 metrlik məsafədən toru silkələməməsi təcrübəli hücumçumuz üçün ən azı utandırıcı idi...
İkinci hissədə baş məşqçi Sergey Kravçenkonu meydana buraxdı. Amma zədəsini tam sağaltmamış yarımmüdafiəçidə komandasına kömək edə bilmədi. 50 -ci dəqiqədə isə, yandan ötürməni bu dəfə Engin Özmən 2-3 metrəlik məsafədən başı ilə qapıya vurmaq əvəzinə yana zərbə endirdi.58-ci dəqiqədə Samir Denis paslaşmasından sonra Denisin qapını nişan alması əvəzinə ötürmə etməsi sonda künc zərbəsi ilə nəticələndi.2 dəqiqə sonra Samirin zərbəsini İmişlili müdafiəçi az qala öz qapısından keçirəcəkdi.Amma hər şey İmişlilər üçün yaxşı qurtardı. Hücumlar bir-birini əvəzləsə də ən real qol vəziyyəti bir də matçın əlavə olunmuş vaxtında yarandı. Künc zərbəsi zamanı rəqib cəimə meydançasına qədər irəliləmiş Canangir Həsənzadə az qala matçın qəhrəmanına çevriləcəkdi. Lakin onun başla zərbəsini müdafiəçi qapı xətdindən çıxarda bildi...