OYUN ÖNCƏSİ: HAMI "ÜÇ" XAL ÜÇÜN !
21 Fev 2007
OYUN ÖNCƏSİ: HAMI "ÜÇ" XAL ÜÇÜN !
“Qarabağ” Futbol Klubu sabah milli çempionatın 16-cı turu çərçivəsində “Gilan”la oyunun hazırlığını yekunlaşdırmaq üzrədir. İkinci dövrənin ilk iki turunda səfərdə mübarizə aparan “Qarabağ” FK uzun müddətdən sonra ev oyunlarını keçirdiyi Suraxanıda rəqibini qəbul edəcək. Debütantla mübarizədə klubumuz qələbə qazanaraq turnir cədvəlində mövqeyini bir qədər də yaxşılaşdırmağı düşünür. Xüsusilə klubumuzun vitse-prezidenti Taher Gözellə görüşdən sonra komandada çox yüksək abu-hava hökm sürür. Komandada nəzərəçarpacaq itki yoxdur. Ötən tur 4-cü sarı vərəqə səbəbindən “Şahdağ”la görüşdə forma geyinə bilməyən Samir Abbasov da baş məşqçi Rasim Kara şansı verəcəyi təqdirdə Qəbələ klubu ilə matçda oynayacaq. Eləcə də, eyni qarşılaşmada zədədədən əziyyət çəkən Qoqa Bereya və Bojan İliçin də oynamasında heç bir problem yoxdur. Üstəlik “Qarabağ” “Gilan” matçından sonra 40 günlük fasilə dönəminə yüksək əhval ruhiyyədə yollanmaq üçün bu matçdan üç xalla ayrılmaq çox önəmlidir. Klubun Baş Məşqçisi Rasim Kara da üç xalla fasiləyə yollanmaq haqda düşünür: “Komandamdan bu tur yalnız qələbə gözləyirəm. İlk iki turda şanssız xal itkisi ilə üzləşdik. Bu turda azarkeşlərimizi qələbə ilə sevindirmək zamanının çatdığını düşünürəm. Gənc olmalarına baxmayaraq komandamı heç bir klubdan zəif saymıram və qarşıdakı fasilədən sonra daha məzmunlu oyun göstərən bir “Qarabağ” görəcəksiniz...”
Futbolçularımız da oyun haqda fikirlərini bölüşməkdən çəkinmədilər. Hətta Vaqif cavadov oyunun necə nəticələnəcəyini də proqnozlaşdırdi: “Mən qalib gəlməmizdən əlavə oyunun necə başa çatacağını da deyə bilərəm. Bu oyunda hesab 2:0 komandamızın xeyrinə nəticələnəcək və oyunda hücumçular fərqlənəcək...”
Maraqlıdır ki, Bojan İliç də Vaqif kimi düşünür: “İlk yarıda “Gilan” səfərindən 2:0-lıq qalibiyyətlə dönmüşdük. Mən bu nəticəni “ev”ə də təkrarlanacağına inanıram..”
Xatırladaq ki, oyun 22 fevral, saat 15:00-da T.İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçiriləcək.