OYUN ÖNCƏSİ: "QARABAĞ" - "GƏNCLƏRBİRLİYİ"

single-news
3 Noy 2006

OYUN ÖNCƏSİ: "QARABAĞ" - "GƏNCLƏRBİRLİYİ"



"Qarabağ" Futbol Klubu Çempionatın X turunda 7-ci oyununu Suraxanı qəsəbə stadionunda Sumqayıtın "Gənclərbirliyi" komandasına qarşı keçirəcək. Son məşqini bu gün oyunun keçiriləcəyi stadionda edəcək "Qarabağ" FK matç saatını gözləyəcək. Oyun öncəsi "Qarabağ" futbolçuları geriyə yolun olmadığını deyirlər: Cahangir Həsənzadə: "Həmişə olduğu kimi bu oyuna da məsuliyyətlə hazırlaşırıq. Məncə hazırlığımız yaxşı keçir. Sabahki oyunda qələbədən başqa heç bir nəticə bizi qane etmir və bunu hamımız dərk edirik..." Elmir Xankişiyev: "Ötən oyunda yaxşı nəticə ilə azarkeşlərimizi sevindirə bilmədik. Bu oyunda bunu kompensasiya etmək bizim borcumuzdur. Həm də bu oyun turnir cədvəlində yer baxımından da önəmlidir..." Hakan Demir: "Meydançanın ot örtüyü indi yaxşı səviyyədədir və bu bizə müsbət mənada təsir edəcək. Çünki "Simurq"la oyunda meydanın pis vəziyyəti bizi çətinə saldı. Bu oyunda qalib gəlməliyik və bir daha komandanın nəyə qadir olduğunu göstərməliyik..." Kənan Kərimov: "Son oyunlarda qol vura bilməməyim məni bir hücumçu kimi narahat edir. Hər bir futbolçu kimi mən də bu oyunda yaxşı oyun göstərməklə yanaşı, qol vuraraq qələbədə pay sahibi olmaq üçün çalışacağam..." Müşviq Hüseynov: "Komandamız heyətinə görə heç bir komandadan zəif deyil. Lakin son oyunlarda bəxtsizlik heç-heçələri sıralamamıza səbəb oldu. Bu oyunda bu sindromu qırmalıyıq...." Xatırladaq ki, oyun sabah saat 15:00-da başlanacaq. Oyunun Baş Hakimi Ceyhun Haşımovdur. Ona Vaqif Ayvazov, Roman Vasilyev kömək edəcəklər.

Paylaş