OYUN ÖNCƏSİ: "TURU KEÇƏN KOMANDA "QARABAĞ" OLACAQ! ! ! "

single-news
26 İyl 2006

OYUN ÖNCƏSİ: "TURU KEÇƏN KOMANDA "QARABAĞ" OLACAQ! ! ! "



UEFA Kuboku İlkin təsnifat mərhələsi çərçivəsində "Qarabağ" (Azərbaycan) - "Zimbru" (Moldova) qarşılaşmasına bir gün qaldı. Komandamızın düşərgəsində son durum haqqında Baş Məşqçimiz Böyükağa Ağayev fikirlərini bölüşdü: "Komandamın hazırlığından razıyam. Futbolçularım böyük istək, əzmlə oyuna hazırlaşırlar. Bu gün "Şəfa" stadionunda son yüngül məşqdən sonra oyuna tam hazır olacağıq. Üzərimizdə böyük məsuliyyət var və bunu bütün futbolçulaırm dərk edir. Bütün azarkeşlərimizi - Azərbaycan xalqının bizi dəstəkləyəcəyinin qarşılığında biz də onları qələbəmizlə sevindirəcəyimizə çalışacağıq!" Futbolçularımızda da oyun öncəsi əhval ruhiyyə yüksəkdir. Bunu onlarla söhbətdə sezmək o qədər də çətin deyildi: ASLAN KƏRİMOV - "Bu oyun digər oyunlarından bir xüsusiyyətinə görə fərqlənir ki, o da tarixi uğura imza atmaq şansıdır. Hamımız bu haqda fikirləşir, məsuliyyəti birə-beş dərk edirik. Şübhə etmirəm ki, 90 dəqiqənin sonunda qələbəni Azərbaycana hədiyyə edəcəyik..." SAMİR MUSAYEV - "Belə tip yarışlarda mən əgər qol vururamsa, komandam o cütdən qalib ayrılması mütləqdir. Moldovada qol vurdum və uyğun nəticə ilə döndük. Bu qarşılaşmada da azarkeşlərimiz məndən qol gözləsin. Onları sevindirəcəyəm !" CAHANGİR HƏSƏNZADƏ - "İlk oyundakı uğurumuzu azarkeşlərimiz önündə qələbəyə çevirmək istəyirik. Meydana çıxan ilk 11-in kimliyindən asılı olmayaraq, döyüşkən ruhu bizi qələbəyə aparacaq..." RAMAL HÜSEYNOV - "Onlar bizdən heç bir konponentinə görə üstün deyillər, əksinə ilk oyunda biz qalib gəlməliydik ki, bəxt onlara kömək etdi. Lakin rəqibə bir mesajım var: "Burada bəxtə də ümid etməsinlər - çünki onların şansı sıfırdır!" "Qarabağ" bu gün saat 21:00-da "Zimbru" komandasının məşqindən sonra "Şəfa" stadionunda oyun öncəsi son məşqinə çıxacaq.

Paylaş