Paytaxt yarımfinalı? (SON DEQIQE,25.02.2006)
27 Fev 2006
Paytaxt yarımfinalı? (SON DEQIQE,25.02.2006)
İlk növbədə final üçün döyüşəcək "dördlüklər"in tərkibinə baxaq. Ölkənin bir nömrəli arenasına bir vəsiqə "Neftçi" - "Turan" və "Qarabağ" - "Bakı" duellərindən sonra müəyyənləşəcək yarımfinalda sahibini tapacaq. İlk baxışda paytaxt yarımfinalının baş tutcağını ehtimal etmək olar. Ötən il məhz 1/4 finalda digər həmşəhərliləri tərəfindən dayandırılan "ağ-qaralar" hər iki cəbhədə mübarizə aparmaq bacarığını əvvəllər də göstərib. Təsadüfi deyil ki, çempionluq və kubok yarışlarının hər birində 4 qələbə qazanan flaqmanın iki "qızıl dubl"u da var. Elə "Bakı" da ötənliki çıxışıyla qüvvəsinin iki turnirə yetərli olduğunu sübut etmişdi. Kubokun son qalibinin ən azı bu titulu qorumaq üçün əlindən gələni əsirgəməyəcəyi də gözləniləndi. Mübarizənin gərgin hal alması zamanı Bakı komandalarından hansınınsa kuboku çempionata qurban verməsiylə müşayət olunacağı da istisna olunmur.
Çempionatda işləri o qədər də yaxşı getməyən "Turan"ın kubok komandası olmamasını da vurğulayaq. Hər halda, müstəqillik dönəmində bu klub hələ də yarımfinal səddini aşmağı bacarmayıb. Əvəzində çempionatda iddiası qalmayan, amma qış fasiləsində digərlərindən geri qalmayaraq heyətinə əl gəzdirəcək "Qarabağ"ın tarixində 1/4 finalda büdrəmək yoxdu. Hazırkı gücünə görə 1/4 finalın ən zəifi təsiri bağışlayan ağdamlıların maraq dairəsi elə kubokla məhdudlaşır. Bəlkə də elə bu paytaxt yarımfinalına əngəl ola bilər.
Ötənilki yarımfinal təkrarlana bilər
Ötən il ölkə çempionu, həmçinin 4, 5 və 6-cı yerlərin sahibi olan komandaların bir araya gəldiyi ilk "dördlük"dən fərqli digər finalçı 2-3 və 7-8-ci yerlərin mübarizəsindən sonra müəyyənləşəcək. Amma ədalət naminə məhz ölkə kubokunun 4 yarımfinalçısından üçünün ikincilər sırasında olduğunu qeyd edək. Ötən mövsüm "səkkizliy"i qapayan "İnter"lə "MKT-Araz" kubok sahibinin son "qurbanlar"ı (uyğun olaraq, final və yarımfinal) olmuşdu. Elə "İnter"in yarımfinalda yendiyi gümüş mükafatçı, həmçinin sonunculara penalti seriyasında təslim olan "Karvan" da Respublika stadionuna gedən yolda bu rəqibləri üstələməlidi.
Ən imkanlı klublardan 4-nün eyni iddiada olması da prinsipiallığı artırır. Xüsusilə də ötənilki yarımfinalçılar, demək olar ki, çempionatda hansısa mükafata ümidi qalmayan "MKT-Araz"la "Xəzər-Lənkəran"ın duelləri 1/4 finala rəng qata bilər. Hər iki komanda qoyulan paraların müqabilində heç olmasa, kubokda başarılı olmağa borcludu. Digər cütdə isə iki cəbhədə sonadək döyüşməyi qarşısına məqsəd qoyanlar üz-üzə gələcək. Ötənilki "bürünc"ü daha yaxşı mükafata dəyişmək, UEFA-İntertoto kubokunda deyil, daha nüfuzlu yarışlara qatılmağı vacib sayan "Karvan"la "İnter"in qarşılaşması da az maraq kəsb etməyəcək. Əminliklə demək olar ki, bir il əvvəl "Neftçi", "Xəzər-Lənkəran" və "Qarabağ" kimi iddialıları sıradan çıxaran "İnter" çempionatdakı liderliyiylə yanaşı, ötənilki finalın əvəzini çıxmağın da əleyhinə olmaz. Hər halda, "Bakı"ya yenilgiylə barışmalı olan Anatoli Konkov yenə bu mərhələyədək irəliləmək və finalda mümkün rəqib ola biləcək "Bakı"ya yenilginin təsadüf olduğunu sübut etməyə çalışacaq. Bundan əvvəl isə ötənilki yarımfinalın - "İnter" - "Xəzər-Lənkəran" duelinin təkrarı da yaşana bilər.
Komandalar hazırlığa sabahdan başlayacaq. Klubların legioner bolluğu üzündən yığmaya çox az oyunçu göndərdiyini nəzərə alsaq, onların hazırlığına hər hansı maneə yoxdu. İndi bütün 8 komanda qitə kuboklarına vəsiqə üçün ən qısa yolu keçmək arzusundadı. Elə bu üzdən bizi amansız mübarizə gözləyir. Martın 4-dəki ilk oyunlarda bir çıx suallara aydınlıq gələcək.