PLAY-OFF: İSVEÇRƏ - TÜRKİYƏ
15 Okt 2005
PLAY-OFF: İSVEÇRƏ - TÜRKİYƏ
Dünən Bakı vaxtı ilə saat 15-də FİFA-nın İsveçrənin Sürix şəhərində yerləşən mənzil-qərargahında Dünya çempionatı 2006-da Avropanı təmsil edəcək son 3 ölkəni aşkarlayacaq pley-off görüşlərinin püşkatması keçirilib. Qeyd edək ki, püşkatmadan əvvəl qruplarını ikinci pillədə başa vurmuş Çexiya, Türkiyə, Slovakiya, İsveçrə, Norveç və İspaniya milliləri səbətlərə ayrılmışdılar. Reytinqə əsasən bu ölkələr arasında ən güclüləri - Çexiya, Türkiyə və İspaniya birinci səbətdə yer aldığı halda, nisbətən zəifləri Norveç, İsveçrə və Slovakiya əikinci torbada yer almışdı.
Püşkə əsasən Türkiyə milli komandası mundiala yollanmaq üçün İsveçrəni mübarizədən kənarlaşdırmalıdır. Qeyd edək ki, İsveçrə yığması seçmə mərhələdə dördüncü qrupda yer almışdı. Qrupda əsasən Fransa, İrlandiya və İsraillə mübarizə aparan isveçrəlilər son turda İrlandiya səfərindən 1 xalla dönərək qrupu ikinci pillədə başa vurdu. Qrupun ən məhsuldar komandası olan İsveçrə həm də seçmə mərhələ boyunca bir dəfə də olsun məğlub olmadı.
İsveçrə futbolunun tarixinə nəzər salsaq görərik ki, 1895-ci ildə qurulan ölkə Futbol Fedeprasiyası 1904-cü ildən FİFA-nın, 1954-cü ildən isə UEFA-nın üzvüdür. Hazırda İsveçrə millisini Kobi Khun çalışdırır. Komanda oyunlarını 39 minlik "Vankdorf" stadionunda keçirir. İsveçrə yığmasının əsas oyunçuları arasında bu mövsüm "Milan"a transfer olunan Foqel, qapıçı Tsubbeller, "Bazel"li Kabanas və hücumçu Aleksandr Freylə yanaşı türkəsilli Yakın qardaşları da vardır. Xatırladaq ki, türkiyəlilər bu günəcən İsveçrə yığması ilə 12 dəfə qarşılaşıb. Bunlardan 6-da "ay-ulduzlular" qələbə qazandınqları halda, 3 matçda da rəqib meydandan qalibiyyət ilə ayrılıb. 3 oyun isə "sülh"lə başa çatıb. Qələbə sayı Fatih Terimin yetirmələrinin tərəfində olsa da indiyə qədər keçirilmiş görüşlər ərzində hər iki tərəf 15 dəfə fərqlənib.
Püşkatmadan dərhal sonra Türkiyə milli komandasının baş məşqçisi rəqib haqda fikirlərini bildirib. "İmperator" yaxşı bir komandaya qarşı mübarizə aparacaqlarını deyib: "Biz bütün rəqiblərimizə qarşı eyni səviyyədə hazırlaşarıq. Ona görə də hansısa komandanı zəif adlandıra bilmərik. Xüsusən də İsveçrəni. Çünki onlar seçmə mərhələni məğlubiyyətsiz başa vurublar. Təkcə elə bu fakt rəqibin gücündən xəbər verir". Terim həmçinin İsveçrədə azarkeş baxımından problemlə qarşılaşmayacaqlarını bildirib: "İsveçrədə özümüzü rəqib meydanındakı kimi hiss etməyəcəyik. Çünki orada bizi böyük azarkeş kütləsinin dəstəkləyəcəyini bilirəm.əHər zaman dəstəyinə arxalandığımız azarkeşlərimizin sayəsində pley-off-a yüksəldik. Ümid edirəm ki, elə onların sayəsində bu mərhələni də arxada qoyaraq Dünya çempionatına qatılacağıq". Qeyd edək ki, Türkiyə ilk görüşü səfərdə keçirəcək. İsveçrə - Türkiyə cütündən başqa pley-off-da Norveç - Çexiya və İspaniya - Slovakiya görüşləri baş tutacaq. Xatırladaq ki, ilk görüşlər noyabrın 12-də, cavab qarşılaşmaları isə 4 gün sonra keçiriləcək.