PONOMARYON "QARABAĞ"LA ÇEMPİON OLACAĞINA İNANIR (ÜÇ NÖQTƏ, 25 FEVRAL,2005)

single-news
25 Fev 2005

PONOMARYON "QARABAĞ"LA ÇEMPİON OLACAĞINA İNANIR (ÜÇ NÖQTƏ, 25 FEVRAL,2005)



Dünən "Qarabağ"ın baş məşqçisi İqor Ponomaryovun 45 yaşı tamam olub. Azərbaycan futbolunun tarixinə adını qızıl hərflərlə yazan Ponomaryov ölkəmizdə çox idmançının qazanmadığı bir çox uğurlara malikdir. Əməkdar idman ustası, prezident təqaüdçüsü adını almış Ponomaryov uzun müddət futbolçu kimi Bakının "Neftçi" komandasının şərəfini qoruyub. SSRİ çempionatında o, 260 görüşdə rəqib qapısına 66 qol vurub. 1980-ci ildə Ponomaryov SSRİ yığma komandasının heyətinə cəlb olunub. Bundan başqa Olimpiya yığma komandasının heyətində 88-ci ildə çempion adını qazanıb. "Neftçi"dən başqa o, 1982-ci ildə Moskvanın OMİK klubunda da futbolçu kimi çıxış edib. Futbolçu karyerasını 1989-cu ildə İsveçin "Norçopinq" klubunda başa vurub. Məşqçilik karyerasında isə Ponomaryov 2000-2001-ci illərdə Azərbaycan Milli Komandasına rəhbərlik edib. 2004-cü ilin ikinci yarısından isə "Qarabağ"ın baş məşqçisidir. Futbol azarkeşləri Ponomaryovun daha çox 11 metrlik zərbələrin mahir ifaçısı kimi xatırlayırlar. Onun SSRİ çempionatında ardıcıl vurduğu 24 penaltinin heç birini qapıçılar qaytara bilməyib. Bu nəticə isə SSRİ futbolu tarixində heç kimə nəsib olmayıb. Futbolçunun ad günündə klubun rəsmi internet səhifəsinə verdiyi müsahibəsinin əsas hissəsini diqqətinizə çatdırırıq. - Futbola necə gəldiniz, ilk addımlarınız... - Məni futbola atam gətirdi. Halbuki, anam və nənəm bunun əleyhinə idilər. Heç zaman futbola yazıldığım günü unuda bilmərəm. Biz məşhur uşaq məşqçisi Ələkbər Cəfərova üz tutduq. Amma o, bütün qrupların tutulduğunu dedi və Vaqif Axundova müraciət etməyimizi məsləhət gördü. Beləliklə, mənim ilk müəllimim də V.Axundov oldu. - Əgər futbolçu olmasaydınız, hansı peşəni seçərdiniz? - Bilirsiniz, uşaqlıqda şahmat və badmentonla məşğul olmuşam. Amma 4-cü sinifdə seçim etmək lazım gəldi. Bunu məşqçim də tələb edirdi. Mən futbolu seçdim. Bundan da peşman deyiləm. - Siz 11 metrlik cərimə zərbəsinin ustası kimi ad çıxarmısınız. Sovet statistikasına nəzər yetirsək, 34 zərbədən 31-ni dəqiq vurmusunuz. Belə bir nəticəni Vladimir Ploskin də göstərib. Amma siz 24 ardıcıl zərbəylə onu da üstələyirsiniz. Bunun sirrini aça bilərsinizmi? - Elə bir sirri yoxdur. Sadəcə, gərək soyuqqanlı və sakit olasan. Hisslərinə hakim ola bilmək də əsas amillərdən biridir. Yəqin ki, bunlar məndə olub. - "Qarabağ"la necə anlaşdınız? - Millidən sonra vətəndə işləmək arzusunda idim. Klubun rəhbərliyi mənə zəng edib dəvət təklif etdi. Onların şərtləri məni razı saldı və qəbul etdim. Bundan başqa məndə istək var idi ki, millidə başa vurmadığım işləri "Qarabağ"da reallaşdırım. - "Qarabağ"da indiki durumu necə qiymətləndirirsiniz? - Komandada əhval-ruhiyyə, birmənalı şəkildə deyə bilərəm ki, yüksək səviyyədədir. Bu komanda ilə çempion olacağımıza əminəm.

Paylaş