Ponomaryov hakimdən şikayətçidi (idman.azer.net 14.04.2005)
14 Apr 2005
Ponomaryov hakimdən şikayətçidi (idman.azer.net 14.04.2005)
Qarabağ" srağagün "İnter"ə yenilməklə çemponluq şansına kölgə salsa da, hər halda birinci sıradadı.
Bununla belə, ehtiyatda bir oyunu olan "Xəzər-Lənkəran" itirilmiş xallara görə artıq lider sayılır. Dövrələrarası fasilə vaxtı klubdaxili çəkişmələrin meydan suladığı Ağdam klubunda indi vəziyyət sabit olsa da, hər halda, "Qarabağ" sabit oyun sərgiləmir.
Oğlu Anatolinin "İnter"ə keçməsiylə problemlərin yoluna qoyulmasına nil olan ata Ponomaryov məhz "bank təmsilçisi"ylə görüşdə ciddi xal itkisinə məruz qaldı.
Oyundan sonra məhz hakimin səhvi üzündən rəqibinə yenildiklərini dilə gətirən Ponomaryov Fariz Yusifovun "İnter"in qapısına aşkar penalti təyin etmədiyini vurğulayırdı. Belə ki, Aslan Kərimova qarşı kobudluq edildiyi epizodda həqiqətən 11 metrlik nöqtəni göstərmək olardı.
- Hakim səhvlərinə baxmayaraq, rəqibi qələbə münasibətiylə təbrik edirəm. Meydanda medallar uğrunda mübarizə aparan iki layiqli rəqib oynadı. Qarşılaşma həqiqətən gözəl alındı və azarkeşlərin zövqünü oxşadı. Bəzi futbolçularım xəstələndiyindən heyətdə məcburi dəyişiklik etdim. Fərqlənməməyimizin yeganə səbəbi futbolçularımın son anda qeyri-dəqiq oynamasıdı. Elmar Baxşıyevin meydandan qovulması da labüd idi. Çünki o həddən artıq kobud oynayırdı.
- Anatolinin oyununu bəyəndinizmi?
- Oğlum mənə rəqib olmuşdu. Buna görə ona hər hansı iradım yoxdu. Bu peşəkar futbolun qanunudu. Çıxış etdiyin klubun uğuru naminə hər şeyi etməlisən. Amma Anatolinin hərəkətlərinə ciddi fikir vermədim. Məni öz komandamın oyunu maraqlandırır. Yeganə arzum Tolikin çıxıb yaxşı təsir bağışlaması idi. Psixoloжi səddi aşmaq asan deyil. Anatoli Konkov ona ikinci hissədə şans verdi və fikrimcə, oğlum qələbə hesabının qorunması üçün əlindən gələni etdi.
- "Qarabağ"da yaşanan xoşagəlməz olayların arxada qaldığını söyləmək olarmı?
- Bəli. Hazırda rəhbərlik, məşqçilər heyəti və futbolçular da daxil olmaqla hamımız eyni istiqamətə baxırıq. Bu çox önəmli məqamdı. Kollektiv formada eyni amal uğrunda döyüşməyimiz əlavə stimul deməkdi. Rəhbərliyə vəziyyəti düzgün qiymətləndirdiyinə görə təşəkkür edirəm. Müəyyən narazılıqlar vardı. Özü də müxtəlif səviyyələrdə. Amma göründüyü kimi, bunlar komandanı dağıdacaq qədər güclü deyilmiş. Hərçənd ki, daxili ab-havanın çox gərgin olduğunu etiraf etməliyəm. Bu üzdən hər şeyi yoluna qoymağın zamanı çatmışdı. Rəhbərliklə ümumi razılığa gəldik və artıq çempion olmaq üçün bütün qüvvəmizi sərf etməliyik.
- Narazılıqların kökündə oğlunuz Anatolinin transferi dayanırdı?
- Belə variantı istisna etmirəm. Qısqanclıq deyilən bir şey var. Amma Tolikin transferində məndən çox rəhbərlik maraqlı idi. Yəni oğlumun komandaya gəlişi yalnız mənim istəyimlə reallaşmayıb. Digər yandan, bu gün də Tolikin transferini düzgün addım sayıram. "Qarabağ"a hər hansı ikinci dərəcəli futbolçu yox, yığmanın liderlərindən biri dəvət edilmişdi. Axı bütün futbolçular müqaviləyə eyni şərtlərlə imza atmır. Bu mümkün də deyil. Məgər "Xəzər-Lənkəran", "Karvan" və "Bakı"nın oyunçuları eyni miqdarda para alır? "Qarabağ"da da fərqli maaş sistemi mövcuddu. Sadəcə, dedi-qodudan qaçmaq üçün müqavilə şərtləri gizli saxlanılmalıdı. Görünür, biz bunu bacarmadıq. SSRİ dönəmində futbolçular əsl qul idi. Ən yaxşı illərini itirsələr də, qarşılığında gələcəyini təmin edə bilmirdilər. Karyeranı bitirdin, nə pul var, nə də ki savad, heç nəylə qalırsan. İndi vəziyyət çox fərqlidi. Bu üzdən verilən paralar göz çıxarır. Vaxt ötdükcə hər şey yerini tutacaq. Hər bir şəxs özünə cavabdehdi və öz işiylə məşğul olmalıdı.
- Deməli, oğlunuzun "İnter"ə keçidi birbaşa komandadaxili ab-havanı yaxşılaşdırmaq üçün atılan zəruri addımdı.
- Məşqçi kimi səviyyəli futbolçunu itirdiyimizə görə çox təəssüflənirəm. Bununla həm də çempionluq uğrunda mübarizədə əsas rəqiblərimizdən sayılan "İnter"in heyətini gücləndirdik. Toliklə "Qarabağ"ın xilası naminə vidalaşdıq. Bəlkə də oğlumun gedişi lazım idi.
- Vadim Vasilyev, Ruslan Musayev və Abuzər İbrahimov Antalyaya sizə görə getməmişdi?
- Baş məşqçi kimi kimsənin mənsiz harasa getməməsini tapşırmışdım. Yekun qərarı yalnız mən verə bilərdim. Amma rəhbərliklə aramızda anlaşılmazlıq oldu. Onların qərarı tələsik atılan addım idi. Halbuki hazırlıqla bağlı xüsusi plan tərtib etmişdim. Türkiyədəki hazırlıq istədiyimiz kimi alınmadı. Birincisi, ab-hava ürəkaçan deyildi. Digər yandan əsasən yeniləri sınaqdan keçirdik. Keçmişi xırdalamayaq. Bütün işləri komandanın daha da güclənməsi üçün görürük. Bütün futbolçularıma inanır və güvənirəm. "Qarabağ" yenə əzmkar kollektivdi.
- Amma "Qarabağ"dan ayrılmağınıza az qalmışdı.
- Bu da düzdü. Özü də getməyi çox istəyirdim. Rəhbərlik "get" desəydi, indi yəqin ki, komandada olmazdım. Amma onlar qalmağımı istədi. Digər yandan bugünədək gördüyümüz işi yarımçıq buraxmaq da düzgün olmazdı. İnanın ki, gecə yatanda da, səhər yuxudan oyananda da xoşagəlməz olaylar məni rahat buraxmırdı. Rəhbərliyin və futbolçuların güvəncini hiss etmək önəmli idi.
- Komandaya cəlb etdiyiniz legionerlər etimadınızı doğruldur?
- Oyunu gücləndirdiklərinə şübhə yoxdu. Karamanov, Kolinenko, Boqaç, Şubin və Sokolovski "Qarabağ"a yeni nəfəs gətirib. Meydanda çox iş görürlər. Onların gəlişiylə rəqabət daha da artıb. Digər yandan, arxa xətdə lazımi oyunçularımız da yox idi. Yəni legionerlərin dəvəti sırf məcburiyyətdən atılan addımdı. Çempionat da get-gedə daha maraqlı olur. Qarşıda çox oyun dursa da, artıq asan xal qazanmaq mümkün deyil. Bu üzdən liderlər hələ çox xal itkisinə məruz qalacaq. Əsas sabitliyi qorumaqdı. Birinciliyin finişinə kim daha az itkiylə çatsa, o da birinci olacaq. Digər diqqətçəkən məqam rəqiblərin heyəti ilə bağlıdı. Birinci dövrədə başqa, indi isə tam fərqli komandalara qarşı oynamalı olursan. Yəni hamı güclənmək xətti götürüb.
- "İnter"i bəyəndizmi?
- Qarşılaşdığımız rəqiblərdən "Bakı"nı çox bəyənirəm. Onlarla matçda sadəcə, bəxt tərəfimizdə idi. "Karvan", "Neftçi" və "İnter"i də vurğulamaq lazımdı. Hər bir kollektiv mübarizədən maksimum yararlanmağa çalışır. Çempionluq mübarizəsində "Qarabağ"ı favorit görürəm. "İnter"dən də sürpriz gözləməyə dəyər.
- Bəs komandaya hədəfinə çatmaqda nə mane ola bilər?
- Artıq komandaya heç nə mane ola bilməz. "Qarabağ" öncə olduğu kimi, medallar uğrunda mübarizəni davam etdirəcək. Rəqiblərimizə hörmətlə yanaşsaq da, məqsədimiz belədi.