Ponomaryov hələ ki Bakıdadı (EXPRESS, 27.05.2005)

single-news
27 May 2005

Ponomaryov hələ ki Bakıdadı (EXPRESS, 27.05.2005)



İqor Ponomaryov son açıqlamalarında dolayısıyla da olsa, "Qarabağ"dan ayrılacağına işarə vururdu. "Turan"la matçdan sonra o jurnalistlərə açıqlamasında taleyinin klub rəhbərliyi ilə görüşdəni asılı olduğunu bildirmişdi. Amma dünən əlaqə saxladığımız mütəxəssis hələ ki, rəhbərliklə görüşmədiyini, komandadan ayrılıb-ayrılmayacağını da bilmədiyini dedi. Qeyd edək ki, Ponomaryov İsveçə dönmək fikrinə komandanın uğursuz çıxışından əlavə "Gəncə"ylə matçda baş verənlərə görə də düşmüşdü. Komandanın son turlardakı zəif çıxışını rəhbərliyin transferlərə digər iddialılarla müqayisədə çox az vəsait ayırması ilə izah edən mütəxəssisə sözügedən matçda baş verənlər daha çox təsir etmişdi. Ponomaryov da daxil olmaqla komandadakı bütün rusların qovulmasını tələb edən azarkeşlərin hərəkəti məşqçiyə çox pis təsir etmişdi. Ponomaryov oyundan sonra legionerlər bir yana, özünün, eləcə də Vadim Vasilyevlə Vitali Kovalyovun Azərbaycan üçün çox iş gördüyünü və belə münasibətə layiq olmadıqlarını bildirmişdi. Gəzən söz-söhbətə görə, azarkeşlərin belə aqressiv çıxışını xüsüsi təşkil edənlər olub. Mövsümün gedişində klubun icraçı direktor postundan uzaqlaşdırılan və müsahibələrində də dəfələrlə Ponomaryovu bəyənmədiyini deyən Adil Nadirovun bu işdi birbaşa əməyi olduğu ehtimal edilir.

Paylaş