PONOMARYOV PONOMARYOVUN YANINA GƏLDİ. VADİM ANATOLİYƏ GÜZƏŞTƏ GETMƏDİ

single-news
24 Okt 2004

PONOMARYOV PONOMARYOVUN YANINA GƏLDİ. VADİM ANATOLİYƏ GÜZƏŞTƏ GETMƏDİ



«Futbol+» qəzeti 16-17 oktyabr 2004-cü il) Mahir Şükürov «Karvan»la şifahi anlaşandan sonra yığmada yeganə klubsuz qalan futbolçu Anatoliy Ponomaryov oldu. Halbuki yarımmüdafiəçi millidə lider xarakteri nümayiş etdirməyə qadir olan az-az oyunçulardadır. Yerli klublardan bir neçəsi Ponomaryovu heyətində görmək istəsə də, futbolçu legioner karyerası haqda daha çox düşünürdü. Buna baxmayaraq, münasib komanda tapmaması Anatolini də ölkə birinciliyinə üz tutmaq məcburiyyətində qoydu. Təbii ki, belədə o atası İqor Ponomaryovun çalışdığı «Qarabağ»ı qoyub başqasına üstünlük verə bilməzdi. Elə gözlənildiyi kimi, Anatoliy Ağdam klubuyla ikiillik müqaviləyə imza atdı. Beləliklə, orta sahə oyunçusu ölkə çempionatında atasının rəhbərliyi altında top qovan ilk futbolçu olacaq. Dünən isə «Qarabağ» KİV nümayəndələrinin iştirakıyla rəsmi təqdimat mərasimini keçirdi. Klubun vitse-prezidenti Tahir Gözəl, baş direktor Əmrah Çəlikəl, baş məşqçi İqor Ponomapyov, mətbuat xidmətinin rəhbəri Rəşad Rafiqoğluyla yanaşı, klub üzvlərinin də qatıldığı tədbirdə təkcə komandanın yeni oyunçusu yox, bir sıra məsələlər haqda da söz açıldı. Tahir bəy klubun transfer siyasəti haqda danışmaqla yanaşı, Anatolinin keçidinin reallaşdığını da bildirdi. Eyni zamanda o da məlum oldu ki, Ponomaryov komandada ən ödənişli futbolçu olacaq. Buna baxmayaraq, konkret məbləğ açıqlanmadı. 91 saylı futbol köynəyini qazanan Anatoli klub rəhbərliyinə təşəkkür etməklə yanaşı, yığmada olduğu kimi «10 nömrə»yə göz dikdiyini də gizlətmədi. Həm də etiraf etdi ki, həmin köynəyə Vadim Vasilyev sahib olduğundan, fərqli addım atmalı olub. Hər halda, 9+1 də 10 deməkdir. Bundan sonra nitqini davam etdirən Tahir bəy bir həftəyə tam formalaşması gözlənilən klubun yeni saytı (www. garabagh.com) haqda bilgi verdi. Yeni stadionun inşası haqda az düşünməyən «Qarabağ» ehtiyat oyunçular skamyasının kasadlığına da biganə qalmayacaq. Gözəlin dediyinə görə, daha iki mövqedə futbolçuya ehtiyac var və tezliklə boşluq aradan qaldırıla bilər. Bundan başqa Ağdam klubu uşaq futbol məktəbi ideyasını da nəzərdən qaçırmır.

Paylaş

// pop up