PONOMARYOV VƏ SAYTIMIZ MEDİAYA TƏQDİM OLUNDU

single-news
15 Okt 2004

PONOMARYOV VƏ SAYTIMIZ MEDİAYA TƏQDİM OLUNDU



Oktyabrın 15-də «Qarabağ»ın rəhbərliyi jurnalistlər üçün növbəti mətbuat konfransı keçirib. Tədbirdə klubumuzun vitse-prezidenti Tahir Qoozal, baş direktor Əmrah Çəlikəl, klubun baş məşqçisi Anatoliy Ponomaryov həmçinin futbolçular və ölkənin bütün nüfuzlu media nümayəndələri iştirak edib. Tədbiri giriş sözü ilə açan Tahir Qoozal onun məğzi barədə açıqlama verdi. O, əvvəlcə bu mövsüm «Qarabağ»a transfer olunan yeni futbolçuları media əhlinə təqdim etdi. Təbii ki, əsas sürpriz Anatoliy Ponomaryovun klubla müqavilə bağlaması və jurnalistlərə təqdim olunması ilə bağlı oldu. Tahir bəy yığmamızın əsas yarımmüdafiəçisinin «Qarabağ»la 2 illik müqavilə bağladığını bildirdi. Anatoliy komandamızda 91 nömrəli futbolka ilə çıxış edəcək. Futbolçu özü niyə məhz bu nömrəni seçdiyi ilə əlaqədar bildirdi ki, o həmişə 10 nömrə altında çıxış etdiyi üçün yeni klubunda da bu nömrə ilə oynamaq istəyib. Amma «Qarabağ»da artıq bu nömrə ilə oynayan futbolçu olduğu üçün o rəmzi olaraq 9+1 daha doğrusu 91 nömrəsini seçib. Tahir Qoozal başqa bir yenilik barədə də məlumat verdi. Vitse-prezidentimiz artıq «Qarabağ»ın yeni saytının hazır olduğunu və ümumi şəbəkəyə qoşulduğunu bildirdi. Tahir bəy yaxın bir həftə ərzində saytın bütün rubrikalarının və guşələrinin də tam hazır olacağını dedi. Dünyada futbol sahəsində yeni texnologiyadan istifadə edildiyini xatırladan «Qarabağ»ın vitse-prezidenti bu texnologiyadan «Qarabağ»ın da yararlanacağını dedi. Yəni kompüterin köməyi ilə artıq bütün oyunların statistikası, futbolçuların şəxsi hazırlıq keyfiyyətləri məşqçilərə məlum olacaq. Qeyd edək ki, «Qarabağ» bu sistemdən istifadə edən ilk Azərbaycan klubu olacaq. Tahir bəy özünün ən böyük arzusu barədə də məlumat verdi. Vitse-prezidentimiz Azərbaycanda ilk futbol akademiyası təşkil etmək üçün artıq AFFA ilə müəyyən danışıqların aparıldığını və bu layihənin yaxın vaxtlarda reallaşması üçün əlindən gələni edəcəyini bildirdi. Daha sonra Tahir Qoozal və baş məşqçi İqor Ponomaryov jurnalistlərin suallarına cavab verdi.

Paylaş