Ponomaryovların duelini kim qazanacaq? (ÇEMPİON,11.04.2005)

single-news
12 Apr 2005

Ponomaryovların duelini kim qazanacaq? (ÇEMPİON,11.04.2005)



Sabah və birigün ölkə çempionatının 27-ci turunun səkkiz qarşılaşması keçiriləcək. Bu turda “Göyəzən” oynamadan üç xal əldə edəcək. Turun mərkəzi qarşılaşması isə “İnter”lə “Qarabağ” arasında oynanılacaq. İlk dövrədə doğma meydançada 3:1 hesabı ilə qalib gələn “Qarabağ”ı səfərdə ağır sınaq gözləyir. Cəzası başa çatan İsmayıl Məmmədovun sıraya dönməsi ağdamlıları sevindirməyə bilməz. Lakin “bankirlər”in cari mövsümdə evdə məğlub olmaması oyunun gərgin keçəcəyinə işarədir. Ümumiyyətlə, bu görüşü altıxallıq oyun kimi xarakterizə etmək olar. Belə ki, ağdamlılar rəqibi məğlub edərlərsə, aralarındakı xal fərqini 11-ə qaldıra bilərlər. Bu zaman “İnter”in rəqibinə çatması qeyri-mümkün olacaq. əks təqdirdə isə Anatoli Konkovun komandası çempionluq uğrunda mübarizəni davam etdirə biləcək. Bu görüşü maraqlı edən daha bir cəhət ata-oğul Ponomaryovların üz-üzə gəlməsindədir. İlk dövrədə “Qarabağ”ın, indi isə “İnter”in şərəfini qoruyan Anatoli ağdamlılara məşqçilik edən atası İqorla ilk dəfə rəqib komandaların üzvləri kimi görüşəcəklər. Daha bir maraqlı oyun “Karat”la “Neftçi” arasında keçiriləcək. “Flaqman” 10, “Karat” isə 8 görüşdür rəqiblərinə boyun əymirlər. Meydança sahibləri axırıncı beş qarşılaşmanın hamısında qalib gəliblər. Bu komandaların ilk dövrədəki görüşü “Neftçi”nin məşqçi postuna təzə keçmiş Ağasəlim Mircavadovun uğurlu debütü ilə yadda qalmışdı (2:0). ”MKT-Araz”la oyuna qədər son səkkiz qarşılaşmada qələbə qazanan lənkəranlılar sonuncu matçda xal itkisinə uğradılar. Buna baxmayaraq, “Xəzər-Lənkəran” MOİK-lə görüşdə üç xala daha yaxın görünür. Cari mövsümdə həm ölkə kubokunda, həm də çempionatda üç dəfə qarşı-qarşıya gələn komandaların hər üç mübarizəsini lənkəranlılar 1:0 hesabı ilə qazanıblar. Bu dəfə də Rasim Karanın komandası meydançaya üç xal qazanmaq üçün çıxacaq. əgər bu baş tutmazsa, onda “Xəzər-Lənkəran” çempionluq şansını bir qədər azaldacaq. Doğma meydançada “Bakı”nı qəbul edəcək “Gənclərbirliyi” son doqquz matçlıq qələbəsizliyə son qoymağa çalışacaq. İlk dövrədə rəqibini 1:0 hesabı ilə məğlub edən “Bakı” da mütləq üç xal qazanmaq üçün oynayacaq. Onsuz da vəziyyəti çətin olan paytaxt təmsilçisinin daha bir xal itkisi ona baha başa gələ bilər. Son beş görüşdür qalibiyyət üzü görməyən “Karvan” bu uğursuz seriyaya “Şəmkir”lə matçda son qoymağa çalışacaq. İlk dövrədə doğma meydançada 1:2 hesabı ilə uduzan “Şəmkir”in baş məşqçisi Qəhrəman əliyev bu dəfə uğursuzluğun əvəzini çıxmaq niyyətindədir. Tovuzda bir cavabsız qolla üç xal qazanan “Turan” bu dəfə səfərdə “Bakılı”ya eyni aqibəti yaşatmaq istəyir. Son səkkiz görüşdə qələbə qazana bilməyən “Bakılı” bu dəfə tilsimi qırmaq istəsə də, çətin ki, bu, baş tutsun. ”MKT-Araz” - “Gəncə” matçı da böyük maraqla gözlənilir. İmişlililər “Xəzər-Lənkəran”dan xal aldıqdan sonra son üç oyunda maksimum nəticə qazanan “Gəncə”yə qalib gəlməyə çalışacaqlar. Son üç matçda iddialılarla xalları bölən Nadir Qasımovun komandası bu dəfə qələbə qazanarsa, 8-ci pilləni, demək olar ki, özünə təmin edəcək. ”ədliyyə” - “Şahdağ-Samur” oyununu elitada qalmaq istəyənlərin mübarizəsi kimi də xarakterizə etmək də olar. Son dörd görüşü məğlubiyyətlə tərk edən “ədliyyə” 15 oyundur qələbə üzü görməyən “Şahdağ-Samur” matçında tərəflərin biri bu uğursuz seriyaya son qoya bilər. İlk dövrədə “ədliyyə” səfərdə qusarlıları məğlub edə bilmişdi (1:0). “Nazirlik komandası” bu matçda qələbə qazanarsa, təhlükəli zonadan çıxa bilər. Yox, əgər “Şahdağ-Samur” meydançanı üç xalla tərk edərsə, elitada qalmaq şansını artıracaq.

Paylaş

// pop up