Protokolda 20, meydançada 21 (ÇEMPİON, 06.03.2006)

single-news
6 Mar 2006

Protokolda 20, meydançada 21 (ÇEMPİON, 06.03.2006)



“Qarabağ” - ”Bakı” qarşılaşmasında Azərbaycan futbolunda tez-tez rastlaşdığımız daha bir qeyri-adiliyin şahidi olduq. Söhbət futbolçunun protokolda bir, meydançada isə başqa bir nömrə ilə təmsil olunmasıdır. İş ondadır ki, “Qarabağ”ın gürcü futbolçusu Qoqa Berayanın nömrəsi protokolda 20 göstərildiyi halda, futbolçu meydançaya 21 nömrəli formada çıxdı. Bu isə “Bakı” klubunun haqlı narazılığına səbəb oldu. Klubun mətbuat xidmətinin rəhbəri Vaqif Heydərlinin verdiyi məlumata görə onlar hələ matçın fasiləsində öz iradlarını həm hakimlərə, həm də “Qarabağ” tərəfinə çatdırsalar da, bunun heç bir təsiri olmayıb və gürcü ikinci hissədə də 21 nömrəli formada oyunu davam etdirib. Biz isə məsələyə daha da aydınlıq gətirmək üçün görüşün baş hakimi İmanxan Sultani ilə əlaqə saxladıq. Hər halda hakim gərək bu cür hallarda diqqətli olsun. Onun buna münasibəti belə oldu: ”Oyundan əvvəl protokolu dolduran “Qarabağ”ın məşqçisi Şaiq Həsənov gürcünün nömrəsini məhz 20 göstərmişdi. Düzdür, biz matçın gedişində meydançada onun 21 nömrədə çıxış etdiyini gördük. Lakin protokol rəsmi sənəd olduğundan onu dəyişə bilməzdik. Ancaq qarşılaşmadan sonra biz bu nöqsanı yekun protokola qeyd etdik. Əgər lazım bilinsə, məsələyə Hakimlər Komitəsi baxacaq. Məncə, burada elə də böyük problem yoxdur. Baş verənlər sadəcə texniki səhvdir. Bununla belə, güclülər dəstəsində oynayan komanda gərək belə səhvlərə da yol verməsin”.

Paylaş

// pop up