PSİXOLOJİ DURUMUN GƏTİRDİYİ FƏSAD . . .
13 Dek 2006
PSİXOLOJİ DURUMUN GƏTİRDİYİ FƏSAD . . .
"TURAN" 3 - 1 "QARABAĞ"
Oyun hər iki komandanın qarşılıqlı hücumları ilə başladı. Bunun nəticəsi olaraq ilk 15 dəqiqədə hər iki qapı qarşısında 2 real qol vəziyyəti yarandı və hər iki komanda bunun birindən yararlandı. Oyunun 6-cı dəqiqəsində müdafiənin səhvindən sonra Viktor İbekoyenin ötürməsi təhlükəli alındı. İki dəqiqə sonra isə analoji epizod təkrarlandı və Cavid Hüseynov hesabı açdı. Qoldan sonra "Qarabağ" daha çox qüvvə ilə irəli atıldı. 9-cu dəqiqədə Azər Məmmədovun ötürməsini Müşviq Hüseynov zərbə ilə tamamlasa da top qapıdan azacıq aralı keçdi. 12-ci dəqiqədə isə Müşviq öz istəyinə çatdı. Hakan Dəmirin yandan gözəl ötürməsini eyni gözəlliklə də hücumçumuz qapıya göndərdi: 1-1.
Üstün oyun sərgiləyən "Qarabağ" meydanın mərkəzinə nəzarət etsə də, ev sahiblərinin əks hücumları daha təhlükəli alınırdı. Oyunun 32-ci dəqiqəsində Hakan Dəmirin iki oyunçunun arasından zərbəsini qapıçı dəf edə bildi. 35-ci dəqiqədə isə "Qarabağ" Kənan Kərimovun zərbəsindən sonra topu qapıdan keçirdi. Lakin hakimin oyundan kənar vəziyyət qeydə alması "Qarabağ"ın sevinməsinə əngəl oldu. Bunun əvəzində isə "Turan" sevindi. Viktor İbekoyinin uzaq küncə ünvanladığı zərbənin qarşısını qapıçımız ala bilmədi...
Oyunun ikinci hissəsi analoji ssenari ilə davam etsə də, hücumçuların qol imkanlarından yararlana bilməməsi meydan sahiblərinin işinə yaradı. "Turan" isə yaratdığı əks hücumların daha birini qola çevirdi - Fərqlənən Asəf Qədiri oldu...
İlk dövrənin sonuncu oyunundan da məğlubiyyətlə ayrılan "Qarabağ" çempionatın birinci yarısını layiq olmadığı 9-cu yerdə tamamladı...