QANLI TARİX
QANLI TARİX
İllər, əsrlər ötsə də, bu söz dəyişməyəcək. Bu, həqiqətən də Azərbaycanın salnaməsinə yazılmış qanlı tarixdir. "20 YANVAR 1990"
Yığıncaqlar, mitinqlər... Uzun illərin sovet imperiyası boyunduruğundan azad olmaq istəyi... İnsanlarda sanki bir inam, stimul yaranmışdı...
Heç zaman unudulmayacaq o gündən 18 il keçməsinə baxmayaraq, hərdən düşünürsən ki: görəsən, insanlar belə bir dəhşətli faciənin törədiləcəyini bilsəydilər, yenidən küçələrə axışardılarmı? Bunun cavabını elə o dövrdə - şəhidlərin dəfni zamanı bütün qoyulan qadağalara baxmayaraq, Azadlıq meydanından Dağüstü parka, indiki Şəhidlər xiyabanınadək uzanan insan axını, qorxu, hürkü bilməyən izdiham vermişdi.
O gün gecənin zülmətindən istifadə edən "şücaətli" rus əsgəri yurddaşlarımızın əzəmətindən qorxub gizlənmişdi. O gün heç kəs başını aşağı əymədi. Biz şəhid verdik, lakin qalib gəldik. Biz nə əyildik, nə sındıq. O gün "Azadlıq!" sədası göylərə qalxdı. Biz o azadlığı qanımız bahasına əldə etdik... Elə bir gün olmur ki, Şəhidlər xiyabanı adamsız, yalqız qalsın. Dövlət başçımızın görüşünə gələn xarici qonaqlar da buranı ziyarət edir, şəhidlərin şərəfinə yandırılan əbədi məşəl qarşısında baş əyirlər. Axı nə idi o qocaların, körpələrin günahı?!
İndi nəyin bahasına olursa-olsun biz hamımız azadlığımızı qorumalıyıq. Budur bizim şəhidlər qarşısında müqəddəs borcumuz!
Ruhunuz şad olsun! Sizin Azərbaycanın suverenliyi, müstəqilliyi, azadlığı, firavan gələcəyi uğrunda axıtdığınız qan hədər getməyib.
Hər birimiz Şəhidlər xiyabanına gedərkən içərimizdə xəfif titrəyiş hiss edirik. Oradan qayıdanda isə bu titrəyiş qürur hissi ilə əvəz olunur. Başqa cür ola da bilməz!
Yox, bu gün ürəyimiz ağrısa da, biz ağlamayacağıq! Hər bir şəhid - istər yaşlı, istər gənc, istərsə də körpə - bizim hər birimizin vüqarıdır. Gəlin vüqarlı olaq!