Qara, `Dalğa-Arena`, Əliyar Ağayev

single-news
13 Avq 2012

Qara, `Dalğa-Arena`, Əliyar Ağayev



`Qarabağ`ımız premyerliqanın II turunda,  Azərbaycan çempionatlarının derbisində `Neftçi`ylə  üz-üzə gəldi. Bütün çempionatların iştirakçısı olan tərəflər daxili birincilik üçün rekord sayda  - 61-ci dəfə qarşılaşdılar.
`Qarabağ`ımıza püşk XXI çempionat üçün çətin start salmışdı. Öncə çempionluğa iddialı `İnter`lə qarşılaşacaq komandamız,  ardınca hazırkı çempionla üz-üzə gəlməliydi. `Bankir`lərlə ilk oyunda qələbə hesabını son dəqiqələrdə əldən verən komandamız `ağ-qara`larla oyunda 3 xala köklənmişdi. Eyniylə premyerliqada ilk oyununa çıxan `Neftçi` Çempionlar Liqasındakı məğlubiyyəti qələbəylə unutdurmaq istəyirdi.
`Qarabağ`ımız `İnter`lə oyunla müqayisədə start heyətində 1 dəyişiklik etmişdi. Hücum xəttində çıxış edən Rauf Əliyevin yerinə Vüqar Nadirov meydana çıxmışdı. Amma 25 yaşlı forvard ənənəvi sağ cinahında qərarlaşdığından hücumun mərkəzinə Əfran İsmayılov çəkilmişdi. Belə də faktiki olaraq hücumçusuz oynayan komandamız qol ümidini daha çox adı çəkilən 2 nəfərlə yanaşı  daha çox sol cinahdan Muarem və bir qədər arxadan Riçarda bağlamışdı.
Oyun `Qarabağ`ımızın üstünlüyü ilə  başladı. Topa daim nəzarət edən komandamız hücumlarını daha çox sağ cinahdan – Vüqar Nadirovun sürətinə hesablanmış kombinasiylarla yerinə yetirirdi. Təsadüfi deyil ki, 4-5 epizodda Vüqarın reydləri rəqibə həyəcan yaratdı. Hətta 39-cu dəqiqə də Nadirovun ötürməsi zamanı sol cinahdan hücuma qoşulan Ansinin zərbəsinə Stamenkoviç əla reaksiya göstərdi. Amma hücumun davamında nəhayət ki, hesab açıldı. Künc zərbəsi zamanı hər kəs Vüqarın hava ötürməsi edəcəyini gözlədiyi halda o, cərimə meydançası həndəvərində Qara Qarayevi gördü. 20 yaşlı futbolçu topu bir qədər önə atıb qapıya zərbə vurdu. Müdafiəçilərə dəyib istiqamətini dəyişən top tora daxil olanda Qara peşəkar futbolçu karyerasında ilk qoluna imza atmış oldu. İlk turda Mauremə qol ötürmısi edən Qara ümumiyyətlə oyunun ənyaxşılarından idi. Meydanın mərkəzində Namiq Yusifovla daim rəqibə pressinq tətbiq edən, bununla yanaşı  hücumlarda da aktiv iştirak edən Qara maçın sonuna yaxın daha bir dəfə fərqlənməyə yaxın olsa da, bu dəfə rəqibin heyətində ən yaxşı olan qolkiper qola imkan vermədi.
Oyunun ssenarisi ikinci yarıda da dəyişmədi. Yenə də topa nəzarəti əldə saxlayan komandamız dəyişik həmlələrlə 2-ci qolu axtarırdı. Xüsusilə, Əfran bir neçə məqamda qola yaxın olsa da, 2 ci qol gəlmək istəmirdi. 75-ci dəqiqədən sonra `Neftçi` bir qədər fəallaşmağa cəhd etsə də, Mahir Şükürov sadəcə ilk yarıda Ansinin nailiyyətini təkrarladı. Sadəcə, Aqollinin asmaqarışıq zərbəsini qapıçı uzaqlaşdırmışdısa `Neftçi`nin yeni transferinin həmləsi dirəkdən döndü. Vəssəlam. İlqar Qurbanovun meydana daxil olmasıyla yenidən fəllaşan hücumlarımız fayda verməyincə oyunun hesabı dəyişməz oldu və `Qarabağ`ımız 2012-2012 mövsümündə ilk qələbəsini, `Neftçi` isə məğlubiyyətini daddı.
Beləliklə, tarixində ilk dəfə `Dalğa-Arena`da baş tutan və ilk dəfə Əliyar Ağayevin fit çaldığı oyun `Qarabağ`ımızın əzəli rəqibi üzərində 13-cü qələbəsiylə yadda qaldı. Qarayevin qolu isə `ağ-qara`lara vurulmuş 46-ci top kimi tarixə düşdü. Bununla da `Qarabağ`ımız eyni zamanda eyni rəqib üzərində 4 oyunluq qələbəsizlik seriyasına son qoydu. Amma bu heç də mütləq rekord deyil. Belə ki, `Qarabağ`ımız 2006-dan -2010-a kimi 1873 gün və ya 11 oyun derbidə rəqibə qələbə sevinci yaşatmayıb.

Paylaş

// pop up