`QARA DƏRSLƏR`

single-news
26 Noy 2008

`QARA DƏRSLƏR`



VÜSAL ELAY

 

Həyatda ədalət axtaranlar bəzən bütün məsələlərə yalnız bu fani dünyanın prizmasından yanaşaraq, hər şeyi İlahi deyil, çox məhdud insan məntiqi ilə saf-çürük edir və sarsılırlar. Düşünürlər ki, haqq olmayıb və olmayacaqda. Həqiqət isə başqadır. Ədalət onsuz da yerini tutacaq. Geci-tezi var. Amma bəzən Yaradan bu ədaləti Özünün varlığının növbəti sübutu olaraqmı, yaxud hazırki və sonrakı nəsillərə və qövmlərə dərs olaraqmı, lap tez bərqərar edir. Böyüklü-kiçiklidir bu dərslər. Amma onların hər birindən yararlanmaq, hər birindən ibrət almaq vacibdir.

Növbəti dərslər isə Lənkəranda verildi. Hər kəsə də özünə aid fənndən. Azərbaycan klublarından heç birinə azarkeşlik etmədiyim üçün, bir kənar müşahidəçi kimi bu dərslərə imkanlarım daxilində obyektiv yanaşmağa çalışdım. Və gördüm ki,…

Birnci dərs, əlbəttə ki, Rasim Karaya idi. Türkiyəli mütəxəssisin mövsümün əvvəlində «Qarabağ»dan hansı yollarla ayrıldığını yenidən təkrarlamaq istəmirəm. Çünki bu elə bir qalmaqalla müşahidə olundu ki, onu çətin kimsə tezliklə unutsun. Və Ağdam klubunun «Xəzər-Lənkəran»ın qapısına vurduğu hər üç qoldan, şəxsən mən, hədsiz zövq aldım. Bəlkə də kimsə inanmasın, amma hər dəfə ağdamlılar topu tora qovuşduranda qəlbimdə Allaha olan inamım və sevgim bir qədər də artırdı. Bəli, bu bir dərs idi. Simvolik dərs. Türkiyəli mütəxəssisə üç tutarlı «silləni» onun döyüş ərəfəsində tərk etdiyi komandası vurdu. Əsasən Rasim Karaya yönəlsə də, bu dərsdən digər məşqçilər də ibrət almalıdırlar. Cənablar! «Centlemensayağı davranış», «centlemen kodeksi», «centlemen sazişi» və centlemenliyə aid sair söz birləşmələrinə tez-tez rast gəlirik. Amma dünyanın heç bir kitabında, heç bir ensiklopedyasında Siz bu söz birləşmələrinə verilən vahid tərifi tapa bilməzsiniz. Hər kəs bu ifadələri öz daxili aləminə və, üzr istəyirəm, CENTLEMENLİK səviyyəsinə görə dəyərləndirir. Nə Rasim Karaya, nə «Xəzər-Lənkəran»a, nə də «Qarabağ»a xüsusi rəğbət və ya nifrət bəsləməyən neytral insan kimi mənə ağdamlıların qələbəsi bu qədər zövq verdisə (və bu əsasən Rasim xocayla bağlıdır), deməli, yenə üzr istəyirəm, mövsümün əvvəlində türkiyəli çalışdırıcının centlemenlik məhfumuna verdiyi qiymət azacıq da olsa səhv imiş. Şəxsən mən özüm üçün bu dərsdən belə bir ibrət aldım.

Şübhə etmirəm ki, dərslər hələ davam edəcək. Ən əsası odur ki, onlardan «şagirdlər» lazımınca yararlansınlar, qulaqardına vurub, səhvlərini təkrarlamasınlar. 

 

Paylaş

// pop up