Qara Qarayev: Almaniyada oynamağa hazıram (fanat.az)

single-news
16 Dek 2009

Qara Qarayev: Almaniyada oynamağa hazıram (fanat.az)



Azərbaycan adını eşidəndə təəccüblənirdilər ki, o, ölkədə də futbolçu var

Almaniyanın "Hoffenhaym" klubunun düşərgəsində iki aya yaxın təcrübə keçən "Qarabağ"ın oyunçusu Qara Qarayevin müsahibəsi

- Qara, Almaniyaya səfər ecə keçdi?
- Əla. Düşünürəm ki, bu səfərin mənə ancaq xeyri dəydi.
- Belə bir yaşda uzun müddət ailədən uzaq qalmaq asan idi?
- Əslində, mən artıq bu həyata öyrənmişəm. Uzun müddətdi millinin təlim-məşq toplanışlarında olduğum üçün demək olar ki, darıxmırdım. Təbii ki, ailəm, vətənim yadımdan çıxmırdı. Amma qarşımda tək məqsəd vardı. Mümkün qədər bu şansdan maksimum faydalanmaq.
- "Hoffenhaym"ın oyunlarını izlədiz?
- Əlbəttə. Orada olduğumuz müddətdə bütün ev oyularını canlı izlədik. Üstəlik, bazalarımız yaxın olduğuna görə məşqləri də izləmək şansımız oldu.
- Başqa millətlərin futbolçuları var idi?
- Belə italyan, türk, koreyalı vardı. Amma onlar orda yaşayanlar idi. Sadəcə biz idik təlim keçən.
- Orda sizə münasibət necə idi?
- İlk günlər ağızbüzənlər var idi. Azərbaycan adını eşidəndə təəccüblənirdilər ki, o, ölkədə də futbolçu var. Amma şükürlər olsun ki, oyunumuzla onların fikirlərini dəyişdirə bildik.
- Özünü ordakı həmyaşıdlarından zəif hesab edirsən?
- Yox. Niyə ki. Onların bizdən elə də fərqi yoxdur. Sadəcə düzgün məşq etmək lazımdır.
- Yeri gəlmişkən, məşq sistemində fərq var?
- Elə əsas fərq məşqlərdədi (gülür). Orda isinmə hərəkətlərinə elə də fikir vermirlər. Burda 11 yaşından bizi "ştanga"nın altına salırlar. Orda isə yüngül isinmə hərəkətlərinin ardından ancaq futbolla məşğul oluruq. Trenajor zalında da edilən təmrinlər fərqlidi.
- Bəs, fiziki hazırlıq barəsində deyilənlər..
- Maraqlandım. Dedilər ki, əsas fiziki yükləmələr mövsümöncəsi çalışmlarda həyata keçirilir. Yəqin qışda da fizika ayırarlar.
- Hansı mövqeədə oynayırdın?
- Baş məşqçi məni yarımmüdafiədə oynadırdı. Amma boyumun balaca olduğunu söyləyib cinahda oynamağımın daha faydalı olacağını söylədi.
- "Hoffenhaym" sizə necə təsir bağışladı?
- Bilirsiz də ora kənddi. Cəmi 2000 nəfər əhalisi var. Amma ətraf zonanın ən populyar komandasıdı. Ona görə də oyunlarına 25 min adam gəlir.
- Almanca bir şey öyrənə bildin?
- Elə də yox. Ancaq istədiyimi soruşa bilirdim.
- Nə zamansa orda oynaya bilərsən?
- İndi özümü hazır sayıram. 17 yaşım olsa da, 19-larla məşq edirdim. Baş məşqçi mənimlə ciddi maraqlanırdı. İnşallah, tezliklə hər şey məlum olacaq.
- Orda günün necə keçirdi?
- Səhərlər futbolçular dərsə gedirdi. Məşqlərimiz axşam olurdu. Ona qədər internetə baxır, ailməzilə danışırdıq.
- Futbolçular təhsilə belə ciddi fikir verirlər?
- Hə. Daha doğrusu müəllim bazaya gəlirdilər. Hər bir futbolçu üçün ayrıca proqram tuturdular. Buna görə də onlar üçün xüsusi çətinlik olmurdu.
- Qayıdaq "Qarabağ"a. Oyunları izləmək şansın olurdu?
- Təəssüf ki, yox. İnternet saytımızdan oyunumuzu canlı izləyə bilirdim. Qollara da ordan baxırdım. Komandamızın uğurları mənə əlavə ruh verirdi. Bilirdim ki, burdan nə qədər yaxşı formada qayıtsam oynamaq şansım yüksələcək.
- Elə, ilk oyundaca meydana çıxdın.
- Hə, sağ olsun Qurban müəllim. Mənimlə söhbətdə dedi ki hazırlaş meydana çıxacaqsan. Açığı, bir qədər gözlənilməz oldum. Amma oynamağa hazır idim.
- Oyunundan razı qaldın?
- Nə deyim. Buna Qurban müəllim qərar verə bilər. Mən öz üzərimə düşəni etməyə çalışıram.
- Bu il "Qarabağ"dan nə gözləyirsən?
- Çox şanslıyam ki, bu yaşda belə bir komandaya düşmüşəm. Əla komandamız var. İnşallah, çempion olmaq istəyirəm. Eyni zamanda, klubumu və ölkəmi də Avopada ən yaxşı şəkildə təmsil etmək istəyirəm.

Mənbə: qarabagh.com

Paylaş

// pop up