Bu gün birinci divizion komandaları arasında növbəti – XVI turun qarşılaşmaları keçirilib. “Qarabağ-2” “İnter-2”nin qonağı olub. Oyun gərgin mübarizə şəraitində keçib. Komandalar hesabı açmaq üçün ardıcıl qarşılıqlı hücumlar təşkil edirdilər. “Qarabağ-2”nin çox sayda real qol şansları olsa da komanda bu şansları heç cür dəyərləndirə bilmirdi. Nəhayət ilk yarının ortalarına yaxın Röyal Nəcəfovun mükəmməl zərbəsi ilə “Qarabağ-2” hesabda irəli çıxdı. Bundan sonra komandalar top uğrunda meydanın mərkəzində mübarizə aparırdı. Çox keçmədi ki, oyunun baş hakiminin qapımıza təyin etdiyi zərbə ilə rəqib komanda hesabı bərabərləşdirməyə nail oldu.İkinci yarı yenidən qarşılıqlı hücumlar çərçivəsində keçdi. Komandamız daha bir neçə real qol vəziyyətindən yararlana bilmədi. Elhad Əhmədovun uzaqdan vurduğu zərbə qapının üstündən keçdi. Daha sonra Əfran İsmayılovun zərbəsi qapının yanından keçdi. Oyunun sonuna yaxın “Qarabağ-2” hesabda irəli çıxa bilərdi. Lakin Əfranın daha bir zərbəsi dəqiq alınmadı. Oyun 1:1 hesabı ilə başa çatdı.