“QARABAĞ-2” - “İNTER-2” 3:1
4 Fev 2007
“QARABAĞ-2” - “İNTER-2” 3:1
“Qarabağ” Futbol Klubu dövrələrarası hazırılıq dönəmində növbəti hazırlıq matçını keçirib. Lakin “İnter-2”ylə görüşdə klubumuzun 14 üzvü müxtəlif yaşlı yığmalara cəlb olunduğundan “Qarabağ” matça əzəzedici heyətin üzvlərindən istifadə etməli olub.
“Qarabağ”- E.Cəfərov (V.Naumov, A.Səlimov), H. İsgəndərov (O. Bəşirov), Q. Bereya (A. Mehdiyev), B.İliç (F. Xudadatov), H. Demir (R.Nəcəfov), Ş.Xasaylı (R.Əliyev), Q. Qarayev, Y. Yaqubov, Ə.İsmayılov (Ə.Əliyev), M. Əliyev, E. Mustafayev (N. Kərimov)
Heyətdən də göründüyü kimi “Qarabağ” Futbol Klubu sadəcə əsas heyətin 4 üzvünün – H.İsgəndərov, Q. Bereya, B. İliç, H. Demirin xidmətlərindən istifadə edə bilib.
Buna baxmayaraq, görüşə yüksək sürətlə başlayan komandamız 4-cü dəqiqədə hesabı açmağa nail ola bildi. Şahin Xasaylının sağ cinah ötürməsindən sonra “İnter”li iki futbolçunun bir-birinin anlamamasından istifadə edən Bojan İliç fərqləndi. 13-cü dəqiqədə Yaqubova qarşı edilmiş kobudluqdan Qoqa Bereyanın zərbəsində bir qədər dəqiqlik çatmadı. Amma, hər nə qədər olsa da, gürcü əsilli futbolçumuz fərqlənə bildi. 22-ci dəqiqədə Əfran-Qoqa kombinasiyasını sonuncu 25 metrdən dəqiq zərbəylə fərqləndi. 34-cü dəqiqə də isə Qoqa dublunu rəsmiləşdirdi. Hakanın cinah ötürməsinə hamıdan tez çatan Qoqa möhtəşəm baş zərbəsiylə rəqibi məyus etdi. İlk yarının sonlarına yaxın isə “İnter” cərimə zərbəsindən sonra qapıçı Vadim Naumovun çıxışdakı səhvindən yararlanaraq fərqi azalda bildi.
İkinci yarıda ənənəvi olaraq bütün heyəti dəyişən baş məşqçimiz Rasim Kara gənclərə özünü göstərmək üçün şans yaratdı. Matçda başqa qol olmayınca “Qarabağ” fasilə dönəmində Bakıda keçirdiyi ikinci görüşdə də 3:1 hesabıyla qalib gəldi.
MATÇI İRAKLİ DƏ İZLƏDİ
Zədə üzündən uzun müddət komandasına kömək edə bilməyən hücumçumuz İrakli Bereyada qarşılaşmanı izləyənlər arasında idi. İrakli görüşdən sonra gəncləşmiş komamdanı çox bəyəndiyini bildirdi: “ Uzun müddətdir komandanı izləyə bilmirdim. Amma, 14 futbolçunun milliyə çağrılmasını nəzərə alsaq gələcəyə nikbin baxmaq olar. Mənə gəlincə, artıq özümü yaxşı hiss edirəm. Türkiyəli həkim Mehmet Binnetin müayinəsindən sonra meydana nə vaxt dönəcəyimə aydınlıq gələcək”