`Qarabağ` 5 ildir...araşdırma
![single-news](https://qarabagh.com/uploads//catalog/old/pics/5484.jpg)
`Qarabağ` 5 ildir...araşdırma
`Qarabağ`ımız bazar günü `Turan`la qarşılaşacaq. Bütün çempionatların iştirakçısı olan komandalar milli birincilikdə 41-ci oyununa Tovuzda çıxacaqlar. Bəs, arxada qalan 40 görüşün rəqəmləri nəyi göstərir?
Ümumiyyətlə, `Qarabağ` - `Turan` rəqabətində ilk oyun Ağdamda baş tutub. 1992-ci ildə keçirilən ilk çempionatda 1:1 hesabı qeydə alınıb. Mayın 18-də Əmir Zamanovun idarə etdiyi oyunda Mahir Əliyev komandamızı 5-ci dəqiqədə önə keçirsə də, sona 4 dəqiqə qalmış qonaqlar Rüfət Quliyevlə hesabı bərabərləşdirə biliblər.13 iyulda isə Tovuzda cavab oyunu baş tutub və Gülağa Cabbarovun idarə etdiyi, 5000 azarkeşin izlədiyi oyunda ev sahibləri Vidadi Rzayev və Sakit Alıyevin qollarıya 2:0 hesabıyla qələbə qazanıb.
Tariximizdə ilk çempionluğumuzu qazandığımız 1993-cü ildə `Turan` üzərində ilk qələbəmizi qazanmışıq. Çempionatın fərqli formatıyla əlaqədar komandalar təsnifat mərhələsində üz-üzə gəlmədilər. Sumqayıtda, M.Hüseynzadə adına stadionda baş tutan yeganə yarımfinal oyununda (Oyunların sayının tək olması məhz həmin ildə baş tutan oyunla bağlıdır) komandamız 102-ci dəqiqədə hazırda `Qarabağ`ımızda məşqçi kimi çalışan Yaşar Hüseynovun vurduğu qolla qalib gələrək finala yüksəlib.(Finalda Xəzər(Sumqayıt) yenə də Hüseynovun vurduğu qolla məğlub edilib)
Ağdam işğal olunan ildə `Qarabağ`la `Turan` çempionatla yanaşı kubokun da ½ mərhələsində qarşılaşıblar. 12 mayda doğma rayonumuzda baş tutan və 8000 azarkeşin izlədiyi oyunda bu dəfə də Yaşar Hüseynovun vurduğu tək qol qələbə gətirib. Cavab görüşündə də Mahir Əliyev və Mehman Alışanovun vurduğu qolla 2:1 hesabıyla qalib gələn komandamız finala yüksəlib sonda `İnşaatçı`nı (Sabirabad) Müşfiq Hseynovun qoluyla məğlub edərək `qızıl dubl`u reallaşdırıb...
Sabah `Qarabağ`ımız 3 xalı qazansa rəqib üzərində 41-cı oyunda 19-cu dəfə qələbəyə sevinəcək. `Turan` isə indiyə kimi 14 oyunda qələbə qazanıb. Amma tovuzluların 3 qələbəsi texniki nəticəylə qazanılıb. 1995/96, 98/99 və 2000/01 mövsümlərində qeydə alınan texniki qələbələr `Qarabağ`ın ağır durumlarında qeydə alınıb.
Maraqlıdı ki, `Turan`ın 3 böyük hesablı qalibiyyətinin 2-i məhz həmin mövsümlərdə qeydə alınıb, 95/96-da 0:3, 00/01-də 2:5. 2004/05 mövsümün son turunda tovuzlular `Qarabağ` üzərində ən böyük qələbələrini qeyd ediblər, 4:0.
Əvəzində `Qarabağ`ımız 4 dəfə eyni uğura imza atıb. 97/98-də 5:1, 01/02-də 5:2, 03/04-də isə 4:0-lıq qələbələr qazanmışıq. Tərəflər arasında ötən mövsüm Fevralın 25-də Suraxanı qəsəbə stadionunda baş tutan qarşılaşmada isə `Qarabağ`ımız tarixində 4-cü dəfə `Turan`ı böyükhesablı məğlubiyyətə uğradıb, 5:1.
Ümumiyyətlə, `Qarabağ`ımız son illərdə `Turan`a qarşı olduqca uğurlu çıxış edir. `Qarabağ`ımız çempionatda rəqibinə sonuncu dəfə 2006-2007 mövsümündə məğlub olub. 2006-cı ilin dekabrın 13-də Tovuzda baş tutan qarşılaşmada Böyükağa Ağayevin başçılıq etdiyi komanda 3:1 hesabıyla məğlub olub. Ağayevin `Qarabağ`ın başındakı sonuncu matçında komandamız tək qoluna imza atan Müşfiq Hüseynov bununla da karyerasını bitirərək `Qarabağ`ımızda məşqçilik karyerasına başladı. Başqa sözlə 5 ildir ki, `Qarabağ` `Turan`a məğlub olmur.
Keçirdiyimiz 40 görüşdə 54 dəfə rəqibinə qol vuran komandamız, 40 dəfə qapısından topu çıxarıb.
`Qarabağ`la `Turan` 5 kubok mövsümündə qarşılaşıblar. Baş tutan 9 qarşılaşmada 7 dəfə qələbə qazanıb, 1 dəfə məğlub olub. Qarşıdurma tarixində baş tutan yeganə heç-heçə isə ötən mövsüm qeydə alınıb,0:0. Penaltilərlə növbəti mərhələyə çıxan `Turan` ilk dəfə bunu bacarıb. 14 dəfə rəqibini meydanın mərkəzinə dəvət edən `Qarabağ`ımız `Turan`a 5 dəfə eyni sevinci yaşadıb.
Cari mövsümün ilk yarısında baş tutan matça gəllincə. Sentyabrın 30-da baş tutan VIII tur qarşılaşmasında komandamız tərəflər `Dalğa Arena`da qarşılaşıblar. Vüqar Nadirov hesabı açsa da, Namiq Əliyev hesabı bərabərləşdirib. Amma Ansi Aqolli və Rəşad Sadıqovun vurduğu qollar komandamıza qələbə gətirib,3:1