"Qarabağ" Ağdama getdi (ÜÇ NÖQTƏ, 23.10.2007)

single-news
23 Okt 2007

"Qarabağ" Ağdama getdi (ÜÇ NÖQTƏ, 23.10.2007)



Tahir Gözəl: "Özümüz Bakıda yaşasaq da, qəlbimiz Ağdamdadır"
İlk dəfəydi ki, Ağdama yolum düşürdü. Bir neçə dəfə buna cəhd etsəm də, müəyyən problemlər qarşımı kəsirdi. Bu dəfə "Qarabağ" rəhbərliyi köməyə gəldi. Quzanlıya çatanda kənd əhli artıq ayaq üstəydi. Onlar yeni futbol meydançasının açılışını gözləyirdilər. Tədbirin rəsmi hissəsində İcra başçısı Həsən Sarıyev bildirdi ki, son illərdə Ağdam rayonunda güclü inkişaf gedir. Yaxın vaxtlarda yeni Olimpiya İdman Kompleksinin istifadəyə veriləcəyini deyən icra başçısı kompleksin ərazisində standartlara uyğun stadionun tikildiyini vurğuladı. "Qarabağ"ı Ağdamın fəxri sayan natiq qeyd etdi ki, komandanın çıxışıyla daim yaxından maraqlanırlar. Klubun dağılmaması üçün "Azərsun Holdinq" rəhbərliyinin böyük işlər gördüyünü söyləyən Həsən bəy "Qarabağ"ın böyük gələcək vəd etdiyini vurğuladı. Bildirdi ki, əhali sevimli futbolçularının ev oyunlarını yenidən doğma Ağdamda keçirməsini istəyir. O, bunun üçün şəraitin yaradıldığını bildirdi. Tahir Gözəl isə özünəməxsus şəkildə çıxışına başladı. "Özümüz Bakıda yaşasaq da, qəlbimiz Ağdamdadır", söylədi. Klub rəhbəri gəlişlərini iki səbəblə əlaqələndirdi. Yeni futbol meydançasına "Qarabağ"ın keçmiş rəisi, mərhum Ramiz Şahməmmədovun adının verildiyini xatırladan Gözəl bunun təsadüfi olmadığını vurğuladı. Onun sözünə görə, iki il əvvəl komanda ölkə çempionu adını qazanarkən Ramiz bəyin xüsusi xidməti olub. "Qarabağ"ın rəhbəri yaxşı insanların qiymətə ehtiyacı olduğunu gizlətmədi. Komandanın cari mövsümkü nəticələrinə toxunan vitse-prezident futbolçuların çox şey gözlədiyini bildirdi. "Onları sizlər qarşısında söz vermək üçün bura gətirmişəm. Qoy, söz versinlər ki, Azərbaycan çempionu olmaq və ölkə kubokunu qazanmaq üçün hər şey edəcəklər. Mən öz futbolçularıma hədsiz inanıram. Bilirəm ki, "Qarabağ"ın oyunçuları çox şeyə qadirdir". Gözəl azarkeşləri üzməyəcəklərini, həmişə onlarla bir yerdə olacaqlarını, tez-tez Ağdama gələcəklərini söylədi. Baş məşqçi Rasim Kara isə "Qarabağ"ı Azərbaycanın ən çox fanatı olan komanda adlandırdı. Türkiyəli çalışdırıcı bildirdi ki, 1 milyondan çox Qarabağ qaçqını onları dəstəkləyir. Sitat: "Biz onların dəstəyini hər an hiss edirik. Çəkdikləri əziyyəti qismən unutdurmaq üçün "Qarabağ"ın üzərinə böyük yük düşür. Ağdamla bağlı böyük planlarımız var. Bilirəm ki, rayonda futbolu sevirlər. Mən istərdim ki, burda böyük seleksiya işi aparaq, istedadlı uşaqları seçək. Çünki Bakıda yeni Futbol Akademiyası açmaq fikrindəyik. "Qarabağ"ın gələcəyi üçün bu vacibdir". Karanın fikirlərini maraqla dinləyən tədbir iştirakçıları Aslan Kərimova da eyni münasibəti göstərdi. Vaqif Cavadov isə yoldaşları adından söz verdi ki, uğurlu çıxışlarını davam etdirəcəklər.
   Tədbirin davamı meydançada oldu. Təşkilatçılar özləriylə gətirdikləri inventarları yeniyetmə futbolçulara payladı.
   Tədbirin sonunda "Qarabağ"lı futbolçularla jurnalistlər arasında 10 dəqiqəlik matç keçirildi. Təbii, Osmar Umarov, İsaak Pupo, İrakli Beraya, Aslan Kərimov və Viktor İbekoyiyə qarşı oynamaq bizim üçün çətin idi. Bununla belə, 1 qol buraxmaqla canımızı qurtara bildik. Biz Ağdamdan Bakıya qayıtdığımız vaxt futbolçular Qazaxa yola düşdülər. Üç gün burda hazırlıq keçəcək kollektiv matç günü Tovuza yola düşəcək. Komandanın düşərgəsində əhval-ruhiyyə yüksək olduğundan, futbolçularda "Turan"ı məğlub edəcəklərinə böyük inam var.

Paylaş

// pop up