"QARABAĞ" AĞDAMDA !

single-news
22 Okt 2007

"QARABAĞ" AĞDAMDA !



“Qarabağ” Futbol Klubu xatirələrdən silinməyəcək daha bir tədbiri həyata keçirdi. Bəli, təxminən 2 il sonra baş tutan ziyarət bu dəfə möhətəşəm alındı. Təxminən 60 nəfərlik heyətlə Qarabağın tarixi bölgəsi Ağdama ziyarət edən “Qarabağ” həm klub tarixində özünəməxsus rolu olan Ramiz Şahməmmədovun xatirəsinə əbədiləşdirməklə yanaşı Ağdamın böyük hissəsinin qərarlaşdığı Quzanlı və onun ətrafında yaşayan əhaliyə yüksək motivasiya nəsib etmiş oldu.

Sentyabrın 21-ində Kütləvi İnformasiya vasitələrinin də qatılımı ilə başlayan səfərimizin əsas məqsədi həm Ramiz Şahməmmədovun adını daşıyacaq mini –futbol sahəsinin açılışını etmək həm də yerli uşaqlara top və forma paylayaraq onların həyata bağlanmasına dəstək olmaq idi. Və əlbəttə, “Qarabağ” futbolçularını unutmaq olmaz. Futbolçularını qarşılamağa gələn insan kütləsini görəndə “Qarabağ”ın nə qədər sevildiyi bir daha aydın oldu. Səfər zamanı klubumuzun başçısı Taher Gözel də bütün heyətlə bərabər Ağdama təşrif buyuranlar sırasında idi. Klubumuzu Ağdamda ilk qarşılayan rayon icra hakimiyyətinin başçısı Həsən Sarıyev oldu. Klubu böyük sevgiylə salamlayan Sarıyevlə birgə Taher bəy, baş məşqçimiz Rasim Kara və klubumuzun direktoru Emrah Çelikel ilk olaraq ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət edərək, büstün qarşısına gül dəstələri düzdülər.

Sonra isə tədbirin rəsmi hissəsinin açılışı mərasimi baş tutdu. Söz ilk olaraq icra başçısı Həsən Sarıyevə verildi. Həsən müəllim “Qarabağ”ın Ağdam üçün çox əhəmiyyətli olduğunu bildirərək, komandanın ziyarətini çox əlamətdar hadisə adlandırdı. Klubun himayədarlarına təşşəkürünü bildirən Sarıyev tezliklə Ağdamda yeni stadionun tikildiyini və arzularının komandanın bu stadionunda çıxış etməsi olduğunu bildirdi. Sonra isə söz Taher Gözelə verildi. Taher bəy bu ziyarətdən qürur duyduqlarını bildirərək, Ağdamın və Qarabağın onlar üçün çoz əziz olduğunu bildirdi.” Bizim ən böyük arzumuz Ağdamda futbol oynamaqdır. Bilirik ki, tezliklə bu arzumuz həyata keçəcək. Ötən səfərimizlə müqayisədə indi burada xeyli dəyişikliklər var. İnsanların həyata bağlanması çox gözəldir. İnanıram ki, tezliklə “Qarabağ” rəqiblərini Ağdamda qəbul edəcək.”

Klubumuzun baş məşqçisi Rasim Kara bu ziyarətin iki xalqın bütünləşməsi üçün çox önəmli olduğunu bildirdi.” Mən burada özümü vətənimdə kimi hiss edirəm. Türkiyə Azərbaycan 2 dövlət 1 millət olaraq mən də Ağdamın bütünlükdə Qarabağın adının ən yaxşı və layiqli şəkildə səslənməsi üçün ən yaxşısını etməyə hazıram. “

Sonra isə Həsən Sarıyev və Taher Gözel futbol sahəsinin açıldığını bildirən qərmızı lenti birlikdə kəsərək stadionu xalqa açıq elan etdilər. Sonra isə, Klubumuzun futbolçuları uşaqlara top və forma payladılar.

Bu proses həyata keçidikdən sonra “Qarabağ” və səfərdə çıxış edən media nümayəndələri arasında dostluq matçı keçirildi. Əyləncəli keçən matçı Taher bəy, Rasim Kara və

Emrah Çelikel də izlədi. Maraqlı keçən matçda yeganə qolu Viktor qapıdan keçirdi. Sonra isə futbolçularla jurnalistlər birlikdə şəkil çəkdirərək həmin günü əbədiləşdirdilər. Matçdan sonra Ağdamda futbolla məşğul olan yeniyetmələr də futbolçuları sınağa çəkdilər. Gənclər matçda önə keçsələr də, Qoqanın dublu vəziyyəti dəyişdi.

Günün sonunda səfərdə iştirak edən tədbir iştirakçıları  ümumi süfrə arxasında əyləşərək yorğunluqlarını çıxdılar. Və nahəyət, Ağdamdan ayrıldıq. Futbolçularımız Azərbaycan kubokunda qarşılaçacağı “Turan”la matç üçün Qazaxa, jurnalistlər isə Bakıya yola düşdülər. Yaxın günlərdə unudulmaz Ağdam səfərinin haqqında bütün təəssürütı ilə tanış olacaqsınız.

Daha çox və böyük ölçülü şəkillərə baxmaq üçün aşağıdakı linkə daxil ola bilərsiniz:

FOTOQALEREYA : "QARABAĞ" AĞDAMDA !

Paylaş

// pop up