“QARABAĞ” AĞDAMI UNUTMUR.

single-news
31 Yan 2005

“QARABAĞ” AĞDAMI UNUTMUR.



“Qarabağ” Futbol Klubunun ötən ilin sonunda Ağdama səfəri böyük təəssüratlar yaratdı. Orada komandaya bəslənən sevgi səfərdə olmuş hər bir kəsin qəlbinə əbədi həkk olundu. Bunu səfərdən sonrakı görüşlər də sübut etdi. Yenicə bir ayı tamam oldu Ağdam səfərinin. Amma “Qarabağ” yenə də Ağdama səfər edəcək. Bu dəfə “Gənclər günü” münasibətilə Quzanlı bölgəsinə “Qarabağ-2” komandası gedəcək. Fevralın 2-də planlaşdırılan səfər Ağdamın Üçoğlan, Quzanlı və digər kəndlərinə olacaq, oradakı gənclərlə görüş keçiriləcək. Ağdamın gənclərdən ibarət komandası ilə “Qarabağ-2” komandasının qarşılaşması isə səfərə başqa bir rəng qatacaq. Oyunda məqsəd təkcə səfəri daha da rəngarəng etmək yox, həm də bölgədə futbol oynamaq istəyən, amma şəraitləri buna imkan verməyən gəncləri gələcəkdə “Qarabağ-2”yə cəlb etməkdir. Onların arasından perspektivli oyunçuların seçilib, onların futbol oynaması üçün şəraitin yaradılması “Qarabağ”ın başlıca məqsədidir. “Qarabağ” komandasının Vitse- Prezidenti Taher bəy Gözələ, “Qarabağ” komandasının İcraçı Direktoru Emrah bəy Çelikelə, Ağdam Rayon İcra Başçısı Həsən müəllim Sarıyevə, GİTİ- nin Ağdam rayonu üzrə sədri Vasif müəllim İsgəndərova bu görüşü təşkil etdiyinə görə minnətdarlığımızı bildiririk, cəbhə bölgəsinə səfərlərin digər komandalara da örnək olmasını arzulayırıq.

Paylaş