`Qarabağ` ailəsinin ailə fərqi - fotolar
`Qarabağ` ailəsinin ailə fərqi - fotolar
`Qarabağ`ımız Ankarada təlim-məşq toplanışını davam etdirir. Hazırlığın növbəti günündə maraqlı anlar yaşanıb. Yüksək tempdə hazırlıqlarını davam etdirən komandamızda əhval-ruhiyyə yetərincə yüksəkdir. Dünən axşamdan etibarən bütün futbolçularımızın tam heyətlə çalışdığı məşqlərdə futbolçuların əzmi diqqəti cəlb edir. Komandamızda sadəcə Qara Qarayev dünən axşam və bugünkü məşqi buraxıb. Bir qədər ayağında ağrı hiss edən Qara sabahdan etibarən məşqlərə başlayacağı ehtimal olunur. Digər zədəlimiz Rauf Əliyev isə İstanbulda müalicə olunur.
Bu gün `Qarabağ` ailəsi üçün olduqca əlamətdar olub. Öncə onu qeyd edək ki, dünən axşam 24-cü doğum gününü qeyd edən Vüqar Nadirovun doğum günü tortla qeyd olundu. Amma ailəmizdə sonuncu ad günü deyildi. Bu haqda bir az sonra.
Bu gün komandamıza istirahət üçün nəzərdə tutulmuşdu. Əslində komanda bu gün ənənəvi olaraq 10:15-ə məşqə yollandı və təxminən 1 saat 40 dəqiqə `tər tökdü`. Amma komandamızın məşqi əyləndirici xarakter daşıyırdı. Toplu-topsuz müxtəlif oyunlar oynayan `Qarabağ`ımız məşqdə əməlli-başlı stress atdı.
Günorta yeməyindən sonra isə komandamız şəhər mərkəzinə yollandı. `Qarabağ`ımızın üzvləri birlikdə Ankarada yerləşən alış-veriş mərkəzlərinin birinə gedərək 3-4 saat vaxt keçirdilər.
Ardınca otelə qayıdan komandamızın daha bir tədbiri baş tutdu. Belə ki, Vüqarın ardından ailəmizin daha bir üzvü ad gününü qeyd edirdi. `Qarabağ`ımızın və milli komandamızın müdafiəsinin dirəyi Rəşad Sadıxov 29 yaşını tamamlayırdı. Bu dəfə Rəşad üçün tort hazırlanmışdı. Vüqarın tortunda `bol qol` arzulandısa, Sadıxova `möhkəm müdafiə` diləyini gözləməyə dəyərdi.
Hər 2 qeyd etmə şən anlarla qeyd olundu. Klubumuzun direktoru Əmrah Çelikel və baş məşqçimiz Qurban Qurbanovun iştirak etdiyi tədbirlərdə şən anlar hamını əyləndirdi. Vüqar öz tortundan ilk tikəni komandanın həkimi Sədrəddinə verdisə, Rəşadın seçim etməkdə çətinlik çəkməsi gülüşlərə səbəb oldu.
`Qarabağ` ailəsinin maraqlı günündən anları diqqətinizə təqdim edirik.