"Qarabağ" Almiri bəyənib (FUTBOL+,31.01.2006)

single-news
31 Yan 2006

"Qarabağ" Almiri bəyənib (FUTBOL+,31.01.2006)



Dünən "Qarabağ"la "Şahdağ" dövrələrarası fasilədə ikinci dəfə yoxlama oyununuda üz-üzə gəldi. Komandaların ilk duelində qusarlılar 2:1 hesabıyla qələbə qazanmışdı. Qusar təmsilçisini çalışdıran Sabir Əliyev daha çox əvvəlki oyunçuların əməyinə bel bağladığı halda Böyükağa Ağayev baxışda olan futbolçulara şans verdi. Komandalar meydana aşağıdakı start heyəti ilə çıxdı. Qarabağ: Vitali Kovalyov, Aslan Kərimov, Zoran Çilinşek, Vasif Haqverdiyev, Hüseyn İsgəndərov, Romal Hüseynov, Bojan İliç, Mübariz Orucov, Aleksandr Voskoboynik (Paul Efyonq), Egidius Yuşka, Fərid Quliyev (Müşfiq Hüseynov). Şahdağ: Səid Salodoye, Rahid Əmirquliyev, Şiti Taured, Vyaçeslav Sidoryuk (Alik Yunusov), Zahir Əsgərov (Aleksandr Nurəliyev), Nodar Məmmədov, Timur İsrafilov, Həbib Ağayev, Marius Humenike, Fair Əmirquliyev (Sənan Qurbanov), Əhməd Ticani. "Şəfa" stadionunun süni örtüklü meydançasında keçirilən və İmanxan Sultaninin başçılıq etdiyi hakimlər briqadası tərəfindən idarə olunan matçı futbol ictimaiyyətinin bəzi nümayəndələri də izləyirdi. Əsas diqqət isə yenə Ağdam klubunun heyətində özünü göstərmək istəyən yeni futbolçulara idi. "Çərçivə"ni Cahangir Həsənzadənin yoxluğunda sonadək Kovalyov qorudu. Belə ki, son yoxlama matçında üz nahiyəsindən ciddi zədə alan "Caqa"nın iki həftə oynaya bilməyəcəyi xəbər verilir. "Gənclərbirliyi" ilə matçda sağ kənar müdafiəçisi kimi sınanan Zoran bu dəfə mərkəzdə yer almışdı. Belə ki, həmin mövqedə oynayan Almir Süleymanoviçin ölkəmizə açdırdığı vizanın birhəftəlik müddəti başa çatmaq üzrə olduğundan o vətəninə dönməli olub. Amma "Qarabağ" rəsmilərinin dediyinə görə, klub Almirin xidmətində maraqlıdı və müdafiəçi yaxın günlərdə sənədləriylə bağlı problemi yoluna qoyaraq Bakıya dönəcək. Müdafiənin sağında Hüseyn, solunda Vasif yer almışdı. Kərimov isə müdafiəçilərin önündə oynayırdı. Hücum xəttində Ağayev "Gənclərbirliyi" ilə matçın qəhrəmanı Yuşkayla yanaşı Voskoboynik və Quliyevə şans verdi. Ön xətt oyunçularına mərkəzdən Romal, cinahlardan isə Bojanla Mübariz dəstək verirdi. "Şahdağ"da isə Ruslan Quliyevin yoxluğunda qapıda Səid durdu. Müdafiədə Şitiyə Sidoryuk, Timur və Nodar yardımçı olurdu. Baş məşqçi hücum xəttində son günlər Rusiya klublarından birinə baxışa gedəcəyi söylənilən Ticani və Fairə şans yaratdı. Marius isə hücumların təşkilində onlara dəstək verirdi. Hakimin start fitindən sonra ağdamlılar dərhal üstünlüyə yiyələndi. Düşünülmüş hücumlar təşkil etmələrinə rəğmən, son nöqtəni qoymaq "Qarabağ"ın oyunçularında çatışmırdı. Bunda rəqib müdafiəçilərin etibarlı çıxışı daha böyük rol oynayırdı. Belədə vurmayana vurarlar prinsipi işə düşdü. Arabir ağdamlıları əks hücumda yaxalayan "Şahdağ"ın üzvləri cərimə zərbəsi hüququ qazandı. Həbibin cərimə meydanına qaldırdığı topu müdafiəçilər uzaqlaşdıra bilməyincə Humenike hesabı açdı. Fasilədən sonra Hücumçuların dişsizliyini görən Ağayev Aleksandrı yenicə baxışa gələn Efyonqla, "Bakı"dan baxışa dəvət olunan Fəridi isə təcrübəli Müşfiqlə əvəzlədi. Matçın sonlarına yaxın Mübarizdən ideal ötürmə alan Müşfiq status-kvonu bərpa etdi. İkinci dövrəyə hazırlığa ikigünlük fasilə verən "Qarabağ" dünəndən etibarən yenidən təlim-məşq toplanışına yığışıb. Yenə "Delfin" otelini özünə məskən seçən Ağdam klubunun futbolçuları gündə iki dəfə "Şəfa" stadionunda məşq keçəcək. Heyəti komplektləşdirmək üçün tez-tez yoxlama oyunu keçirən Ağayev fevralın 1-də ixtiyarındakı futbolçuları yenidən sınamaq fikrindədi. Rəqibin hansı komanda olacağı dəqiq bilinməsə də, "Gənclərbirliyi" ilə danışıq aparıldığı deyilir. Süleymanoviçin yolunu gözləyən "Qarabağ" rəsmiləri nigeriyalı Piter Oqobanın ardınca onun həmvətəni Abdul Adekunleni də geri qaytarıb. Elə dünənki oyunda meydana çıxan Efyonqu da eyni tale gözləyir. Zoran Çilinşek, Bojan İliç və Egidius Yuşka isə güman ki, komandada qalacaq.

Paylaş