"Qarabağ" Antalya səfərindən vaz keçmək istəyir (FUTBOL+, 16.01.2006)

single-news
16 Yan 2006

"Qarabağ" Antalya səfərindən vaz keçmək istəyir (FUTBOL+, 16.01.2006)



İkinci dövrəyə hazırlığı davam etdirən "Qarabağ" fasilədə komandadan gedən oyunçuların yerini doldurmaq üçün transfer çalışmalarını da yaddan çıxarmır. Komandaya gətiriləcək yerli futbolçularla bağlı aparılan iş nə qədər gizli saxlanılsa da, bunu əcnəbilərə aid etmək olmaz. Belə ki, artıq bir neçə gündü Rusiya və Ukraynadan olan legionerlər Ağdam klubunun heyətində baxışdadı. Roman Udodov, Valeri Sviryov, İqor Lısak və Dəmir Əbdürrəhmanovun hətta yanvarın 13-də keçirilən ikitərəfli oyunda sınaqdan keçirildiyini də xəbər vermişdik. Srağagün isə ağdamlıların çoxdan yolunu gözlədiyi Gürcüstan millisinin müdafiəçisi Mamuka Sereteli "Qarabağ"ın təlim-məşqinə qatıldı. Xatırladaq ki, Moskva "Torpedo"sunun da maraq dairəsində olan gürcü məhz Azərbaycanda oynamaq istədiyindən Ağdam təmsilçisinə üstünlük verib. Ancaq onun "Qarabağ"da qalıb-qalmayacağı özünü necə göstərməsindən daha çox asılıdı. Baş məşqçi Böyükağa Ağayevin etimadını qazanacağı təqdirdə klubun ona görə 70-80 min dollar xərcə düşəcəyi haqda informasiyalar dolaşır. Mamuka ötən mövsüm də Azərbaycanda baxışda olub. Lakin o vaxt "Bakı"yla ortaq məxrəcə gələ bilmədiyi üçün futbolçu vətəninə dönmək məcburiyyətində qalmışdı. Sereteli kimi Əbdürəhmanov da vaxtilə ölkəmizdə oynamaq istəyib. Elə ötən mövsüm "Qarabağ"da baxışda olan Dəmir bəxtini yenidən sınamaq fikrindədi. Adıçəkilən beş legionerin qalıb-qalmayacağı isə qarşıdakı günlərdə dəqiqləşəcək. Bizimlə söhbətdə baş məşqçi hələ seçimini qətiləşdirmədiyini və yalnız ətraflı yoxladıqdan sonra qərar çıxaracaqlarını bildirdi. Ağdam təmsilçisi əcnəbilərini yoxlama oyununda sınaqdan keçirmək istəyir. Əvvəlcədən nəzərdə tutulmasa da, bu gün "Bakı"yla keçiriləcək sınaq matçı məhz legionerlərin yoxlanılmasına xidmət edəcək. Bu arada bir çox ölkələrdə olduğu kimi, Türkiyədə də tüğyan edən quş qripi "Qarabağ" rəsmilərini çıxılmaz vəziyyətə salıb. Belə ki, yanvarın 21-də Antalyaya təlim-məşq toplanışına getmək fikrində olan "Qarabağ" rəhbərliyi qərarını dəyişmək haqda düşünür. Digər variantları da götür-qoy edən ağdamlıların hansı addımı atacağı qarşıdakı günlərdə müəyyənləşəcək.

Paylaş

// pop up