"QARABAĞ” ANTALYADA..
"QARABAĞ” ANTALYADA..
Təxminən 20 günlük fasilədən sonra toplaşan “Qarabağ” Futbol Klubu artıq Antalyadadır. Yeni ildə ilk dəfə yanvarın 4-də yığışan komandamız elə həmin gecədən etibarən 2007/2008 mövsümün ikinci yarısının hazırlıqlarına start verdi. Belə ki, gecə saat 4 radələrində bazanı tərk edən komandamız 07:30-da start götürən Bakı-İstanbul reysiylə Türkiyəyə yollandı. Təxminən 3 saatlıq yolçuluqdan sonra Şərqin incisi sayılan şəhərə çatanda Türkiyənin ən böyük şəhərində kəskin soyuq komandamızın pişvazına çıxdı. İstanbulda komandamızın baş məşqçisi Rasim Kara da heyətə qoşuldu. Saat 10:00-da isə İstanbul-Antalya reysiylə səyahətimizin sonuncu mərhələsini gercəkləşdirdik. Lakin, şaxtalı İstanbuldan 50 dəqiqə sonra qarşımızda bir qədər küləkli lakin hərarətli Antalyayla qarşılaşdıq. Komandamızın qapıçılarla işləyən məşqçisi Çetin Aykut artıq 1 həftədən çox idi ki, bizi Türkiyənin turizm mərkəzində gözləyirdi. Çətin bəylə yanaşı artıq komandada fiziki hazırlıq üzrə məşqçi işləyəcək Mehmet Ak da Antalyada idi. Saat 13:00-da isə 24-ü futbolçudan ibarət 31 nəfərlik heyət artıq Antalyanın göz bəbəyi sayılan, 5 ulduzlu “Santai” otelində idi. Günorta yeməyindən sonra futbolçuların yorğunluğunu nəzərə alan Rasim Kara məşq prosesini sabahdan başlamaq qərarı verdi.