“QARABAĞ” “ARSENAL” VƏ “FAKEL”LƏ OYNAYACAQ(ÇEMPİON, 24 YANVAR)
24 Yan 2005
“QARABAĞ” “ARSENAL” VƏ “FAKEL”LƏ OYNAYACAQ(ÇEMPİON, 24 YANVAR)
“Çempion” qəzeti Antalyadakı komandalarımızın düşərgələrini ziyarət etməkdə davam edir. Növbəti dayanacaqlarımızdan biri “Qarabağ” klubu oldu. Ziyarət günü komandanın istirahət vaxtına təsadüf etdi. Srağagün yoldaşlıq görüşü keçirmiş komanda dünən dincəlirdi. “Süral” otelində yerləşən kollektivin baş məşqçisi İqor Ponomaryov və futbolçular bizi sevinc və təəccüblə qarşıladılar. Yəqin, belə bir sürpriz gözləmirdilər. Futbolçularla bir az söhbət etdikdən sonra baş məşqçi ilə söhbətə başladıq. Bu müsahibəni sizin də diqqətinizə çatdırırıq:
- İqor Anatolyeviç, toplanış necə gedir? İkinci dövrəyə istənilən səviyyədə hazırlaşa bilirsinizmi?
- əvvəla, komandamızı Antalyada ziyarət etdiyinizə görə qəzetinizin rəhbərliyinə və şəxsən sizə təşəkkürümü bildirirəm. Hazırlıq yaxşı gedir. Bildiyiniz kimi, mən və bir neçə futbolçumuz buraya komandadan sonra gəldik. Ona qədər uşaqlar bir dəfə yoldaşlıq görüşü keçirmiş və biabırçı şəkildə məğlub olmuşdular (”Qarabağ” 1:5 hesabı ilə uduzmuşdu - red.). Bu, bizə yaraşan hal deyil. Fiziki hazırlığı artıq başa vurmuşuq. Növbə texniki-taktiki tapşırıqların və yoxlama görüşlərinindir.
- Yoldaşlıq görüşü keçirmisinizmi?
- Dünən (söhbət dünən olub- red.) Gürcüstanın güclülər dəstəsində iştirak edən və ötən il turnir cədvəlinin 6-cı sırasında qərarlaşmış “Zestafoni” kollektivi ilə qarşılaşdıq. Gərgin mübarizə şəraitində keçən oyun 3:2 hesabı ilə qonşularımızın xeyrinə başa çatdı. Qollarımızı Vadim Vasilyevlə Azər Cabbarov vurdular. Komanda yaxşı oyun göstərdi. Nəzərə almaq lazımdır ki, rəqibimiz bu il çox güclənib. Eşitdiyimə görə, qış fasiləsində komandaya 15 yeni futbolçu qoşulub. Buna baxmayaraq, biz layiqli müqavimət göstərdik.
- Yoldaşlıq görüşləri davam edəcəkmi?
- Bəli, oyun praktikamızı artırmağa çalışacağıq. Müxtəlif ölkə təmsilçiləri ilə qarşılaşacağıq. Hər iki gündən bir oyun planlaşdırırıq. Sabah (bu gün - red.) “Xəzər-Lənkəran”la oynamış “Rubin”in əvəzediciləri ilə üz-üzə gələcəyik. Ayın 26-da Ukrayna “Arsenal”ı, 29-da Rusiya “Fakel”i (Voronej), fevralın 3-də isə “Rudniçki” (Xorvatiya) klubları ilə görüşəcəyik. Yanvarın 31-i və fevralın 1-də qarşılaşacağımız rəqiblər isə hələlik dəqiqləşməyib. Bu komandalarla oyunlarda yeni oyunçularımızı sınayacaq və əsas heyəti dəqiqləşdirəcəyik.
- Komandaya Antalyada yeni futbolçular qoşulubmu?
- Burada bizə 6 yeni futbolçu qoşulub. Bunlar, təbii ki, hələlik baxışdadırlar. Heç biri ilə müqavşlə haqda söhbət aparılmayıb. Amma bilirik ki, bütün bu futbolçular azad agentdirlər. Denis Sokolovski (Polşa), Dmitri Kobelski, Artyom Şubin (Ukrayna), Vladimir Boxaç (Xorvatiya), Akaki Kvemadze (Gürcüstan) və Engin (Türkiyə) hazırda komanda ilə birgə məşqlərə çıxırlar. Mustafa və Müşfiq isə bildiyiniz kimi, kollektivə Bakıda qoşulmuşdular.
- Hazırda bu futbolçular sizin ideal komandanızı qurmaq üçün kifayət edirmi?
- Təbii ki, xeyr. Biz birinci hissədən sonra çox futbolçu itirmişik. Hətta ilk dövrənin son oyununda ehtiyat oyunçular skamyasında heç kim yox idi. Ona görə də axtarışları davam etdiririk. Hazırda Kamerun və Qana əsilli bir neçə futbolçu ilə danışıqlar aparılır. Yəqin ki, onların köməyinə müraciət edəcəyik.
- Komanda ilə birgə məşq edən legionerlərin çıxışından razısınızmı?
- Bir neçəsi ilə işləmək olar. Bizim hazırda yarımmüdafiədə həm hücuma, həm də müdafiəyə kömək edəcək oyunçulara ehtiyacımız var. Baxışda olanlar arasında isə bu ehtiyaca cavab verən namizəd yoxdur.
- Komandanızın tam komplektləşməsi nə vaxt mümkün olacaq?
- Bildiyiniz kimi, 6 futbolçumuz milli komandadadır. Onların yoxluğu bizi narahat edir. Yığmadan necə və nə vaxt dönəcəkləri məlum deyil. əsas futbolçuların yoxluğu bizim işimizi çətinləşdirir. Ciddi olmasa da, zədəsi olanlar var. Anatoli Ponomaryovun zədəsi sağalmaq üzrədir. O, bu səbəbdən milli komandaya gedə bilməmişdi. Amma inanıram ki, ikinci dövrə başlanana qədər istədiyimiz heyəti və gücü qazana biləcəyik. Hazırda bunun üçün çalışırıq.
- Komandanın məşqlərini və oyunlarını izləyən olurmu? Hansı klublar futbolçularımızla maraqlanırlar?
- Konkret təklif bir dəfə olub. Anatoli ilə İzmirin “Karşıyaka” klubu danışıqlar getdi. Sərfəli təklif olsa da, Tolik razılıq vermədi. Azərbaycanda oynamaq istədiyini dedi. Ondan başqa ciddi bir təşəbbüs irəli sürən olmayıb. Aslan Kərimov və Vüqar Nadirov haqda gəzən xəbərlər isə əsassızdır.
- Toplanışa gəlməyən futbolçular haqda nə deyərdiniz? Bəziləri komandanı tərk etmək istəyir...
- Düzü, onlardan xəbərim yoxdur. Mən istərdim ki, Ruslan Musayev komandada qalsın. Amma o, rəhbərliklə danışıqlar zamanı burada qalmaq istəmədiyini deyib. əlimdən heç nə gəlmir. Komandaya 10 yeni futbolçu alınmalıdır. əlimizdəkilər də getsə, işimiz çətinləşəcək.
- Azərbaycanda olanda komandanızın bərbad vəziyyətdə olduğunu demisiniz. İndi necə, irəliləyiş varmı?
- Konkret o ifadəni işlətməmişəm. Bilirsiniz, birinci dövrənin sonunda, həqiqətən də, vəziyyətimiz heç yaxşı deyildi. İndi də bu məsələlər üçün konkret addımlar atılmayıb. əskikliklərimiz çox idi. İndi də var. Bütün bunlara baxmayaraq, liderik. Lider olmağa da davam edəcəyik. Amma bizə dəstək lazımdır. Qarşımıza qoyulan hədəflərə çatmaq üçün lazım olan vasitələrdən istifadə etməliyik. Bizim işimiz rəhbərliyin qarşımıza qoyduğu hədəflərə çatmaqdır. Çalışırıq...
- İqor Anatolyeviç, sözlərinizdən elə başa düşülür ki, rəhbərlikdən narazısınız?
- Xeyr, narazı deyiləm. Amma istəyirəm ki, uşaqların dişləri və dırnaqları ilə qazandıqları üstünlük əldən getməsin. Liderliyi əldən verməyək.
- Hazırda Azərbaycanda hamı “Neftçi”nin uğurundan danışır. Siz bu haqda nə deyərdiniz?
- Mən çox sevindim. “Neftçi” rəhbərliyinə təbriklərimizi göndərdik. İstərdim bütün Azərbaycan xalqını bu böyük uğur münasibətilə təbrik edim. Bu uğur gələcəkdəki kubokların xəbərçisi olacaq. Futbolumuz inkişaf edəcək. “Pünik”ə qalib gəlməsi hamımız üçün kubok qazanmaqdan daha önəmli idi. Hələ üstəlik, kuboka da əlimiz çatırdı. Amma təcrübə öz sözünü dedi. “Lokomotiv”i məğlub edə bilmədik. Olsun, ikincilik də böyük uğurdur.
İqor Ponomaryovla söhbət edərkən Anatoli Ponomaryov və Vadim Vasilyev də yanımızda idi. Onlar komandanın vəziyyətinin qənaətbəxş olduğunu dedilər. Milli komanda ilə bağlı sualları onlara yönəltdiyim zaman isə bu cavabları aldıq.
Anatoli Ponomaryov: “Heyf ki, zədə mənə imkan vermədi. Azərbaycanın Trinidad və Tobaqo ilə oyunlarında mən də iştirak etmək istərdim. Amma qismət deyilmiş. Zədəm isə sağalır. Bir neçə gündən sonra məşqlərə başlayacağam”.
Vadim Vasilyev: “Milli komandadan dəvət gözləyirdim. Amma bizdən 6 nəfər çağırsalar da, mən kənarda qaldım. Bunun səbəbini bilmirəm. Zəiflədiyimi, ya da formadan düşdüyümü zənn etmirəm. əksinə, tam formadayam. Amma nə etmək olar? Torresin seçiminə hörmət edirəm. Onun ətrafındakılar futbolçuları daha diqqətlə izləsinlər. Bunun milli komandaya faydası var”.