"Qarabağ" azarkeşlərindən Qurban Qurbanova dəstək gəldi (qol.az)

single-news
1 Dek 2010

"Qarabağ" azarkeşlərindən Qurban Qurbanova dəstək gəldi (qol.az)



“Son illər “Qarabağ” Futbol Klubunun istər ölkə daxilində, istərsə də ölkədən kənar yarışlarda uğurlu çıxış etməsində baş məşqçi Qurban Qurbanovun misilsiz əməyi var. O, tutduğu vəzifəyə təyin olunduğu gündən işinə məsuliyyətli yanaşmış, klubun naliyyətləri üçün var gücü ilə çalışıb, əlindən gələni əsirgəməyib”. Qol.Az-ın məlumatına görə, bu sözlər “İmarət” fan-klubunun Qurban Qurbanova dəstək bəyanatından götürülüb. Sədəddə qeyd olunub ki, bu vəzifəyə gəldiyi birinci ilində ölkə kubokunu qazanan Qurban Qurbanov Azərbaycan futbolçusuna inanmağı, ona qələbə qazanmaq ruhunu öyrədib: “Komandamıza hamı yuxarıdan aşağı baxdığı bir vaxtda, “Rusenborq”u diz çökdürdü. Özü də Ağdamın işğal günündə. Azərbaycan futbolu üçün sindroma dönən “Polşa səddi” də onun rəhbərliyi nəticəsində məhv edildi. “Visla”ya səfərdə və evdə futbol dərsi keçildi. Azərbaycanda xarici futbolçulara diqqət artırıldığı bir anda Qurbanovun 18-19 yaşlı oyunçulara önəm verməsinin nəticəsidir ki, yığmamızın əsasını “qarabağlılar” təşkil edir. Artıq iki ildir ki, onun qurduğu düzgün strategiya bəhrəsini verir. Komandamız ardıcıl Avroliqada uğurlar qazanır. Bu gün komandamızın 350 ən yaxşı klub arasında yer alması da onun xidmətləri nəticəsində olub. Gəldiyi ildən daim qələbəyə oynamağı sevən Qurbanov, azarkeş kütləsinin də artmasında rol oynayıb.
Azərbaycan futbolu və “Qarabağ” Futbol Klubu üçün bu qədər əmək sərf edən baş məşqçini bu gün müvəqqəti olaraq davam edən uğursuz nəticələrə görə istefaya səsləmək yolverilməz bir addımdır.
“İmarət” fan-klubu olaraq “Qarabağ”ımızın bir parçası olan baş məşqçi Qurban Qurbanovu sonadək dəstəklədiyimizi və hər zaman onun arxasında olduğumuzu bildirir, mətbuatın bu cür fikirlərdən daşınmasını istəyirik”.

 


 

Paylaş

// pop up