"QARABAĞ" - "BAKI". STATİSTİKA. BƏRABƏRLİK

single-news
29 Avq 2008

"QARABAĞ" - "BAKI". STATİSTİKA. BƏRABƏRLİK



Sabah Azərbaycan çempionatının ən prinsipial görüşlərindən biri baş tutacaq. Artıq derbi sayılan “Qarabağ” – “Bakı” matçı ölkədə maraqla izlənilir. Çempionluq uğrunda mübarizə apan komandalar Suraxanı qəsəbə stadionunda qələbə üçün mübarizə aparacaqlar.

2004-cü ildə “Bakı” yaranandan mücadilələri daim maraqla izlənən komandaların bu dəfəki dueli nə vəd edir? Turnir cədvəlindəki mövqeyindən asılı olmayaraq daim öz oyun üslubu ilə fərqlənən komandaların dueli həm də əcnəbi mütəxəssislərin qarşılaşması kimi də az maraq doğurmur. Tarixə nəzər saldıqda komandaların mübarizəsi hər zaman gərginliyi ilə yadda qalıb. “Bakı” “Dinamo”ya xələfinə çevrildikdən sonra ilk mübarizə 2004-cü ildə baş tutub. Komandamız 2:0 hesabıyla qalib gəlib. Cavab görüşü isə 1:1 hesabıyla başa çatıb. Maraqlıdır ki, tərəflər adətən sülhə üstünlük verirlər. Belə ki, tərəflərin son 3 matçında qələbəyə sevinən olmayıb.

Çempionatlar tarixində keçirilmiş 24 oyunda 8 qələbə, 8 məğlubiyyət və 8 heç-heçə qeydə alınıb. Tərəflərin aldığı sonuncu qalibiyyətə gəlincə... Düz, 791  gündür komandalardan heç biri şəxsi görüşlərdə qələbəyə sevinə bilmir. Sonuncu dəfə “Bakı” qələbə qazanmağa imkan tapıb. 2006-cı il Martın 12-ində elə Tofiq Bəhramov adına başa tutan görüşdə  Fərid Quliyev hesabı açsa da (yeri gəlmişkən, adı çəkilən futbolçu hal-hazırda “Bakı”nın şərəfini qoruyur) Ceyhun Sultanov və Stanislav Labant paytaxt təmsilçisinə qələbə gətirmişdi. Həmin gündən sonra çempionatlarda 4 dəfə qarşılaşan tərəflər hərəyə cəmi 2 dəfə fərqlənə biliblər. Mərkəzi arenada keçirilən 2 görüşdə isə qol səsi çıxmayıb. Belədə elə bu stadionda vurulan sonuncu qoldan da 791 gün keçdiyini qeyd edə bilərik. Ümumiyyətlə, komandamız 4 ildi Suraxanıda “Bakı”ya məğlub olmur.

Beləliklə, sabah baş tutacaq mübarizədə mütləq kimsə üstünlük qazanacaq.

Paylaş

// pop up