“Qarabağ” “Bakı”nı Ağdamda qəbul etməyə israrlıdır (apasport.az, 08.03.2009)

single-news
8 Apr 2009

“Qarabağ” “Bakı”nı Ağdamda qəbul etməyə israrlıdır (apasport.az, 08.03.2009)



“Qarabağ” rəhbərliyi təmsil etdikləri Ağdama səfərini başa vurub. Apasport.az saytının məlumatına görə, klubun direktoru Əmrah Çəlikəllə baş məşqçi Qurban Qurbanov artıq Bakıya dönüblər.

Ev oyunlarını Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçirən “Qarabağ” Azərbaycan kubokunun yarımfinalındakı rəqibi “Bakı”nı Ağdamda qəbul etmək istəyir. Qurbanov klubun rəsmi İnternet saytına açıqlamasında səfərdən xoş təəssüratla qayıtdığını bildirib: “Açığı, uzun müddətdir Ağdamda olmurdum. Stadionu görəndə sevindim. Hər halda, tikilən stadionlar ölkə futbolunun qazancıdır. Ağdam rayonu icra hakimiyyəti başçısı Həsən Sarıyev də bizi yaxşı qarşıladı. Hiss olunurdu ki, oyunun Ağdamda keçirilməsini çox istəyir. Bizimlə söhbətdə də yerli xalqı sevindirmək üçün lazım olanı edəcəklərini bildirdi. Düzdür, stadionun ot örtüyü hal-hazırda ideal vəziyyətdə deyil. Amma çox ümidliyik ki, Quzanlıda rəqiblərimizi qəbul edə biləcəyik. Bu, ölkə futbolu üçün də əlamətdar olar”.

Qeyd edək ki, ötən il istifadəyə verilən Ağdam Olimpiya İdman Kompleksinin stadionu Quzanlıda yerləşir.

Paylaş

// pop up