“Qarabağ" baxışa estoniyalı və sloveniyalını dəvət edib (HETTRIK,25.01.2006)

single-news
25 Yan 2006

“Qarabağ" baxışa estoniyalı və sloveniyalını dəvət edib (HETTRIK,25.01.2006)



Hazırlıq prosesini davam etdirən "Qarabağ"ın "Sərin" otelində qalacağını xəbər vermişdik. Klub rəhbərliyi fikrini dəyişdiyindən komandi indi "Delfin" otelində məskunlaşıb. Ayın 29-na qədər "Şəfa" stadionunda məşq edəcək ağdamlılar transfer bazarında da fəaliyət göstərməyə başlayıb. Hazırda düşərgədə iki əcnəbi futbolçu baxışdadır. Bunlardan biri sloveniyalı Almir Süleymanoviçdir. Ampluası müdafiəçi olan Almirin 28 yaşı var. Boyu 178 sm, çəkisi isə 83 kq-dır. Əvvəllər Sloveniyanın "Rudar Verenje", "Mura Celje" klublarında çıxış edən Süleymanoviç Belçika "Genk"inin də şərəfini qoruyub. Son klubu isə yerli "Publikum" olub. Baxışda olan digər legioner litvalı hücumçu Egidiyus Yuşkadır. Yarımmüdafiədə oynayan Egidiyusun iki dəfə Litva, bir dəfə Qazaxıstan çempionu olduğunu öyrənə bildik. Yuşkanın son klubu Estoniya TVMK-sı olub. 30 yaşlı hücumçu TVMK ilə Estoniya çempionu adını da qazanıb. Yeri gəlmişkən, Tallin klubu onu Moskvaya - "Birlik Kuboku"na da gətirmişdi. Lakin orada Yuşkanın xidmətindən istifadə edilmədi. "Turan"dan transferə çıxarıldıqdan sonra Romal Hüseynovun "Qarabağ"a keçəcəyi haqda da xəbər vermişdik. Dünən Hüseynov "Azərsun Holdinq"in binasıda Ağdam klubuyla birillik müqaviləyə imza atıb. Gənclər millisinin sabiq kapitanı yeni klubu haqda aşağıdakıları söyləyib: "Qarabağ"a keçidim üçün peşman deyiləm. Burada oynamaq çoxdankı arzum idi. Rəhbərliyə minnətdarlığımı bildirirəm ki, bu arzumun həyata keçməsində mənə yardımçı oldular. "Qarabağ"la uğur qazanacağıma əminəm". Hüseynovun "Qarabağ"da "7 nömrəli" formayla çıxış edəcəyini də nəzərinizə çatdıraq. Ağdam klubu bu gün birinci dəstənin lideri "Gilan"la yoxlama matçı keçirmək fikrindədir. Əgər hava şəraiti imkan versə, oyun saat 14.00-da "Şəfa" stadionunda baş tutacaq.

Paylaş