Qarabağ" beş legionerlə mübarizə aparacaq(Futbol+,10.06.2007)

single-news
10 İyn 2007

Qarabağ" beş legionerlə mübarizə aparacaq(Futbol+,10.06.2007)



"Qarabağ" beş legionerlə mübarizə aparacaq

 Kara: "Yenilər arasında türkiyəli futbolçular yoxdu"

 Son mövsüm ciddi məqsədlər uğrunda mübarizə aparmayan "Qarabağ" növbəti ölkə çempionatına hazırlaşan komandalar arasında fəallığıyla diqqət çəkir. Geridə qoyduğumuz birincilikdə daha çox gələcəyə hesablanan planlarını həyata keçirməklə məşğul olan ağdamlıların hazırda heyətini gücləndirmək yönündə atdığı addımlar elə də diqqətçəkən deyil. Amma bu siyasətini bir növ gizli şəkildə aparan Ağdam klubundan sürprizlər gözləməyə dəyər.

 Hiyləgər, yoxsa ağıllı siyasət?

  Maraqlıdı ki, klub rəsmiləri həmişə mətbuata açıqlama verərkən böyük iddialarının olmasını büruzə verməməyə çalışıb. Yəni digər ortabab komandalardan seçilməyən "Qarabağ"ın növbəti ölkə çempionatında da uğur qazanacağını proqnozlaşdıranlar hazırda çox azdı. Halbuki, bu gün elita təmsilçiləri arasında növbəti mövsümə ciddi hazırlaşan "Qarabağ"ı yüksək yerlər uğrunda mübarizə aparacaq üç-dörd komandadan biri saymaq olar. Ötən çempionatı məhz buna görə qurban verən ağdamlıların yürütdüyü siyasəti həm hiyləgər, həm də ağıllı saymaq olar. Rasim Kara baş məşqçi təyin olunandan sonra bölgə təmsilçisi daha çox heyətindəki gəncləri sınaqdan keçirməklə məşğul idi. Əsas heyət oyunçularını çox vaxt ehtiyatda saxlayan və yenilərin gələcəkdə onlara nə dərəcədə lazım olub-olmayacağını saf-çürük edən rəhbərliyi çempionatı neçənci pillədə bitirmək qətiyyən maraqlandırmırdı. Hər halda, növbəti mövsümdə qazanıla biləcək uğura görə nələrisə qurban verən komandanın maliyyə cəhətdən problemli olmaması da xüsusi vurğulanmalıdı. Çünki son çempionatda sadəcə elitada qalmağı düşünən "Qarabağ"ın böyük maliyyə xərcləriylə üzləşmədiyi aydındı. Digər tərəfdən, əsas heyət oyunçuları arasında bir qədər yüksək maliyyə şərtləri altında çıxış edənlərin əksəriylə yollarını ayıran ağdamlılar daha çox gənclərinə güvənəcək. Gedənlərin əvəzində isə baha olmasına rəğmən, nisbətən güclü bir neçə oyunçu almağı planlaşdıran klub başbilənlərinin işini yüksək qiymətləndirmək olar.

  Düzgün transferlərin...

 Artıq komandanın düşərgəsini tərk edən əsas heyət oyunçularının getməsini "Qarabağ" üçün itki sayanlar da var. Məsələn, qapıçılar Cahangir Həsənzadəylə Elçin Cəfərovun, müdafiəçi Samir Abbasovun, yarımmüdafiəçi Namiq Yusifovun, Bojan İliçin, Hakan Dəmirin saxlanılmasına cəhd göstərilməməsini bəziləri geriyə addım kimi qiymətləndirir. Amma nəzərə alsaq ki, İliçlə Dəmir legionerdi və yerli oyunçulardan qətiyyən fərqlənmirlər, deməli, onlara görə AFFA-ya 40 min manat üzvlük haqqı ödəməkdən imtina etmələrini başa düşmək olar. Cahangirlə Samirin yığma üzvü olmasına rəğmən, komandada saxlanılmaması isə onların yüksək maliyyə şərtləri irəli sürməsiylə bağlı olub. Onların tələb etdiyi pulun qarşılığında faydalı iş əmsalının yüksək olmadığını görən klub rəhbərliyi isə yollarını ayırmaq məcburiyyətində qalıb. Əvəzində isə yeni transferlərin uğurlu olmasını qeyd etməliyik. Düzdü, bunu hələ zaman göstərəcək. Amma istənilən halda, ağdamlıların Caqanın əvəzində yığmanın əsas qolkiperi Fərhad Vəliyevi "rənglərinə bağlaması" təqdirəlayiqdi. Son mövsüm "MKT-Araz"ın heyətində normal çıxışıyla diqqət çəkən Murad Ağakişiyevin də "Qarabağ"a faydalı olacağını demək olar. Amma hələlik bu son deyil. Yəni komandanın daha bir neçə güclü oyunçuyla sıralarını genişləndirəcəyi gözləniləndi. Fərhaddan başqa "İnter"in daha dörd oyunçusunun - Zaur Həşimov, Elşən Məmmədov, Elmar Baxşıyev və Ayxan Abbasovun da ağdamlılarla müqavilə bağlamağa yaxın olduğu söylənilir.

  ...davamı gələcəkmi?

  Üstəlik, Türkiyədə oyunçu axtarışında olan və dünən Bakıya dönən Karanın komandanı bir neçə legionerlə gücləndirməkdə iddialı olmasını da yaddan çıxarmamalıyıq. Türkiyəyə iki həftəlik səfərindən razı qaldığını bildirən çalışdırıcı ixtiyarında görmək istədiyi bir neçə oyunçunu müəyyənləşdirib: "İstanbulda olduğum müddətdə transfer çalışmaları ilə bağlı müxtəlif görüşlərim oldu. Ancaq hələlik ortada rəsmi bir şey yoxdu. Yaxın günlərdə toplantımız olacaq, klub rəhbərliyi ilə görüşümdən sonra yeni legionerlərimiz haqda rəsmi məlumat veriləcək". Onun dediyinə görə, yeni mövsümdə komandasında beş legionerin çıxış etməsi nəzərdə tutulub: "Hazırda komandamızda iki legioner var ki, bunlar da İrakli və Qoqa Beraya qardaşlarıdı. Üç yeni legioneri transfer etməyi planlaşdırmışıq ki, onlar da müdafiə, yarımmüdafiə və hücum xətti üçün nəzərdə tutulub". Türkiyəli mütəxəssis danışıqlar apardığı yeni legionerlər arasında həmvətənlərinin olmayacağını deyir: "Qarabağ"a gətirəcəyimiz yeni legionerlər arasında türkiyəli futbolçular yoxdu. Transfer etmək istədiyimiz legionerlər əsasən braziliyalı və afrikalı futbolçulardı. Konkret, nəzərimizdə Cənubi Afrikadan futbolçu var". Hər halda, bu vaxta qədər yaxşı gələn ağdamlıların növbəti transferlərinin də uğurlu olacağını gözləməyə dəyər.

 Hədəf növbəti çempionluq? 

Əslində növbəti biriciliyə çox ciddi hazırlaşan ağdamlılardan hər şey gözləmək olar. Yəni "Qarabağ"ın gələn mövsüm çempionluq uğrunda mübarizə aparması gözlənilməz sayılmamalıdı. Çünki ölkədə üç-dörd yaxşı hazırlaşan komanadadan biri olan bölgə təmsilçsi azı meddallardan birinə sahib çıxmağa və avrokuboklarda təmsilçimiz olmağa qadirdi. Real baxsaq, "Neftçi" və "Xəzər-Lənkəran" olan yerdə "Qarabağ"ın qızıl medalları qazanmaq şansı çox azdı. Amma hazırda adıçəkilən komandalarla baş-başa gələ biləcək kollektiv kimi ağdamlıları da fərqləndirmək mümkündü. Proqnozların özünü nə dərəcədə doğruldacağını isə zaman göstərəcək.

Paylaş

// pop up