“Qarabağ” böyükhesablı qələbə qazandı (futbol+, 05.07.2006)

single-news
5 İyl 2006

“Qarabağ” böyükhesablı qələbə qazandı (futbol+, 05.07.2006)



Qızılcahamamda təlim-məşq toplanışında olan “Qarabağ” dünən Türkiyə superliqa təmsilçisi “Konyaspor”la yoxlama matçında qarşılaşıb. Amma ağdamlılar bu oyunu keçirmək üçün xeyli əziyyətə qatlaşıb. Belə ki, Qızılcahamama güclü yağış yağması üzündən tərəflər Konyada üz-üzə gəlib. Xeyli yol qət etməsinə rəğmən, “Qarabağ” futbolçuları UEFA kubokuna hazırlıq yönündə ilk yoxlama oyunundan üzüağ ayrılıb. Ağdamlıların vurduğu üç qolun müqabilində konyalılar heç nə ilə yadda qalmayıb. “Qarabağ”ın qollarına Elmir Xankişiyev, Samir Musayev və Ramiz Hüseynov imza atıb. Baş məşqçi Böyükağa Ağayev bu matçda baxışda olan moldovan və türkiyəli legionerlərə də özünü göstərmək üçün şans verib. Amma deyəsən, Moldova millisində də forma geyən Yulian Bursuk Ağayevin etimadını doğrultmayıb. Hər halda əldə etdiyimiz bilgiyə görə, Yulianın geri göndərilməsi ehtimalı çox böyükdü. O ki qaldı türkiyəli futbolçuya, Böyükağa bəy Hakan Dəmirə daha bir matçda, iyulun 5-də keçirilməsi nəzərdə tutulan oyunda şans vermək niyyətindədi. Çox güman ki, həmin gün ağdamlılar “Vestel Manisaspor”la üzləşəcək.

Paylaş