«QARABAĞ» BU DƏFƏ «İNTER»İ MƏĞLUB ETDİ

single-news
10 Noy 2004

«QARABAĞ» BU DƏFƏ «İNTER»İ MƏĞLUB ETDİ



(«Çempion» qəzeti 08. 11. 2004) Qarşılaşmanın əvvəlində komandalar ehtiyatlı oynayır, risk etmək istəmirdilər. Üstəlik, meydança yağışdan sonra pis vəziyyətdə olduğundan tərəflər sürətli oyun göstərə bilmirdi. Bununla belə görüşdə yaranan ilk təhlükəli vəziyyət qolla nəticələndi. Belə ki, cərimə meydançasına girən Samir Musayevi Çernyak kobudluqla saxladı və Zöhrab Qədiyev tərəddüd etmədən penalti nöqtəsini göstərdi. Vadim Vasilyev qapıçını sağa, topu sola göndərib hesabı açdı. Bu Vadimin çempionatda 7-ci qolu idi. Qoldan sonra da uzun müddət tərəflər sakit oyuna üstünlük verirdilər. Belədə qapılar önündə təhlükəli vəziyyətlər yaranmır və matç olduqca sönük keçirdi. İlk hissənin ortalarında Azər Cabbarov zədələnib yerini yerini Abuzər İbrahimova verdi. Hissənin sonuna yaxın ağdamlılar təzyiqi artırıb ard-arda hücumlar etməyə başladı. Əvvəlcə Samirin zərbəsi çərçivəni tapmadı. Az sonra hesab arasındakı fərq artdı. Aqilin uzun ötürməsini tutmaq istəyən Varivonçik səhvə yol verdi. Belədə top İsmayılın önünə düşdü. Yarımmüdafiəçi topu boş qapıdan keçirməkdə çətinlik çəkmədi. Fasilədə Anatoli Konkov oyunçulara nə dedisə, «İnter» ikinci yarıda xeyli fəallaşdı. Hissənin əvvəlində Ramil Sayadovun ilk zərbəsi çərçivəni tapmadı. Hücumu canlandırmaq üçün Konkov meydana Daniel Axtyamovu meydana buraxdı. Forvardın oyuna fəal qoşulması tezliklə öz sözünü dedi. Cərimə meydançasında hava mübarizəsini udan Daniel topu Ramilə ötürdü. Sayadov isə yaxın məsafədən aşırma zərbəsi ilə qapıçını məyus etdi. Hesab arasındakı fərqi azaldan qonaqlar zücumlarını daha da intensivləşdirdilər. Burada bir haşiyə çıxıb qeyd edim ki, 61-ci dəqiqədə Samirlə Vadimi müvafiq olaraq Anatoli və Vüqarla əvəz edən İqor Ponomaryovun taktiki gedişi uğursuzluqla nəti cələnə bilərdi. Belə ki, bundan sonra ağdamlıların komanda oyunu uzun müddət alınmadı. Düzdür, 65-ci dəqiqədə rəqibi əks hücumda tutan «Qarabağ» daha bir qol vura bilərdi. Amma Eminin uzun ötürməsi ilə əlverişli mövqeyə çıxan Anatolinin zərbəsi çərçivəni tapmadı. Bundan sonra «İnter» uzun müddət rəqib qapısında «oturdu», lakin ard-arda hücumları Rauf Mehdiyev zərərsizləşdirməklə qonaqların heç-heçə şansını gözündə qoydu. 77-ci dəqiqədə Rauf Mehdiyev əvvəlcə Çernyakın, sonra Danielin zərbəsini dəf edə bildi. Danielin son zərbəsi isə qapının üstündən keçdi. Mehdiyev iki dəqiqə sonra müdafiəçilərin növbəti səhvini də sığortalaya bildi. Bu dəfə o, Vladimir Makovskinin güclü zərbəsinin qarşısını məharətlə aldı. Rəqibə təkrar zərbə vurmağa isə ağdamlı müdafiəçilər imkan vermədilər. Qol şanslarını boşa verən «İnter»li futbolçular həvəsdən düşdülər və ağdamlılar yenidən oyuna nəzarəti əllərinə aldılar. 90-cı dəqiqədə Anatoli sol cinahda iki müdafiəçini aldadıb, qapıya zərbə endirdi. Lakin top yenə qapıdan yan keçdi. Matça əlavə olunmuş 4-cü dəqiqədə isə «Qarabağ» üçüncü qolu vurdu. Vüqar Nadirov uzaq məsafədən gözəl zərbə ilə fərqləndi. 3-1. İqor Ponomaryov (Qarabağ): «Oyun olduqca gərgin keçdi. Futbolçularım bundan da yaxşı oynaya bilərdilər. Hər halda nəticə məni qane etdi» Anatoli Konkov (İnter): «Meydançanın ağır olması öz sözünü dedi. Belə meydançada oynamaq asan deyil. Yetirmələrimdən isə razıyam».

Paylaş

// pop up