“Qarabağ" bu gün yeni baş məşqçisinə qovuşacaq (HETTRIK, 30.12.2005)

single-news
30 Dek 2005

“Qarabağ" bu gün yeni baş məşqçisinə qovuşacaq (HETTRIK, 30.12.2005)



"Qarabağ"sevərlərin yeni baş məşqçi həsrəti uzun çəkmədi. Artıq bu gun onlar sevimli komandalarına kimin rəhbərlik edəcəyini eşidəçəklər. Klubun icraçı direktoru Əmrah Çəlikəlin sözlərinə görə, Elxan Abdullayevin xələfinin adı gunorta saatlarında açıqlanacaq. Onun adı isə mətbuatdan gizlin saxlanılır. Nə qədər çalışsaq da, daşı ətəyindən tökmədi ki, tökmədi: "Bilirəm, bu, sizin üçün də maraqlı xəbərdir. Amma gəlin klubun mənafeyini də unutmayaq. Prezidentimiz hazırda bu məsələylə ciddi məşğuldur. Abdulbari Gözəl təyinatı özü müəyyənləşdirir". İcraçı direktor yeni çalışdırıcının yerli və ya Türkiyədən olacağını da söyləməkdən boyun qaçırdı. Odur ki, əlaqələrimizi işə salıb kluba yaxın bəzi mənbələrin köməyindən istifadə etdik. Öyrəndiklərimiz isə o oldu ki, Abdulbari Gözəl dünən axşamadək həmin mütəxəssisin kimliyini dəqiqləşdirməyib. Prezident oğlu Tahir bəyi, eləcə də Əmrah Çəlikəli bu prosesdən kənar saxlayıb. Komandanın başçısı daha heç kimin məsləhəti ilə oturub-durmaq istəmir. İqor Ponomaryov və Elxan Abdullayevi AFFA-nın tövsiyəsi ilə iş başına gətirən Gözəl bəy, görünür, əvvəlki səhvlərdən nəticə çıxarıb. Vakant posta yerli məşqçilərin təyinat alması isə daha realdır. "Qarabağ"ın rəsmi saytında bu barədə verilən xəbərdə göstərilir ki, rəhbərlik son iki gündə 4 çalışdırıcı ilə danışıq aparıb. Onlardan ikisi öz məşqçilərimizdir. Digər iki nəfərdən biri ukraynalı, o biri isə turkiyəlidir. Amma bizim əldə etdiyimiz məlumata görə, əslində namizədlərin sayı 5-dən çoxdur. Yerlilərdən Əhməd Ələsgərovun "Bakı"yla anlaşmasıyla ondan əli üzülən rəhbərlik diqqəti üç mütəxəssisə yönəldib. Bunlar Vaqif Sadıqov, Elbrus Abbasov və Böyükağa Ağayevdir. Kazbek Tuayevlə Fuad Yamanın "Qarabağ"la anlaşmaq ehtimalları isə az da olsa, qalır. Daha iki məşqçi isə ölkə xaricindən dəvət edilənlərdir. Verilən məlumata görə, xorvat və ukraynalı məşqçilər hətta bu günlərdə Bakıya da gəlib. Lakin onlarıla nə danışıldığı və razılığa gəlinib-gəlinmədiyi məlum deyil. Türkiyəlilərdən Hikmət Karaman və Giray Bulakın da adı namizədlər sırasında çəkilir.

Paylaş

// pop up