"Qarabağ" büdrədi(525-ci qəzet,05.04.2005)

single-news
5 Apr 2005

"Qarabağ" büdrədi(525-ci qəzet,05.04.2005)



AĞDAM KLUBUYLA HEÇ-HEÇƏ EDƏN "MKT-ARAZ" "XƏZƏR-LƏNKƏRAN"ı POTENSİAL LİDERƏ ÇEVİRDİ Ötən həftə sonu futbol üzrə XIII milli çempionatda 25-ci turun matçları oynanılıb. Turun ilk günündə paytaxt təmsilçisi "Karat" Qusarın "Şahdağ-Samur" komandasına 2:0 hesabıyla qalib gəlib. Qazaxda keçirilən "Göyəzən"-"Gəncə" oyununda da eyni hesab qeydə alınıb. Amma bu dəfə qonaqlar qələbəyə sevinib. 25-ci turun ən maraqlı oyunları bazar günü keçirilib. Mərkəzi görüşdə İmişlinin "MKT-Araz" komandası "Qarabağ"ı sınağa çəkib. Çempionatın lideri meydan sahiblərinin müqavimətini qıra bilməyib və ötən turda oluğu kimi, yenə bir xalla kifayətlənib. Qarşılaşmada tərəflər hərəyə bir qol vurublar. Ağdam klubunun büdrəməsindən "Xəzər-Lənkəran" yararlanıb. "Bakılı" üzərində asanlıqla qələbə qazanan (3:1) Rasim Karanın komandası potensial liderə çevrilib. İkinci yerin sahibi "Neftçi" böyük çətinliklə aktivinə 3 xal yazdırıb. Uzun müddət MOİK-in qapısına yol tapa bilməyən flaqman nəhayət, 86-cı dəqiqədə Qurban Qurbanovun qolu sayəsində qələbəyə nail olub. "İnter" doğma divarlar arasında "Ədliyyə"ni məğlub edib - 2:1. Sumqayıtda "Turan"ı qəbul edən "Gənclərbirliyi" yenə uduzub. Meydan sahiblərinin qapısına 2 cavabsız qol vurulub. "Şəmkir" də öz meydanında Bakının eyniadlı komandasına uduzub. Leandro Qomeş və Marius Suleapın qolları "Bakı"ya çempionatda 15-ci qələbəni gətirib. "Şəfa" çempionatda çıxışını dayandırdığından "Karvan"a texniki qələbə verilib.

Paylaş