"Qarabağ" çempiona tarixi rəqabəti xatırlatmağa çalışacaq (FUTBOL+, 22.08.2005)
22 Avq 2005
"Qarabağ" çempiona tarixi rəqabəti xatırlatmağa çalışacaq (FUTBOL+, 22.08.2005)
27-ci duel
Günün digər 3 qarşılaşmasından fərqli olaraq "Qarabağ" - "Neftçi" dueli həm tarixi köklərinə, həm də yerli mütəxəssislərin üz-üzə gəlməyinə görə fərqlənir. Qonaqların çalışdırıcısı Ağasəlim Mircavadov meydan sahiblərinin əksər uğurlarının memarı olubsa, "Neftçi"də çox işlər görmüş Ruslan Abdullayevin oğlu Elxan bəy bu dəfə əks düşərgədə "sükan arxasında"dı. Hələ 13 il əvvəl təməli qoyulan bu komandaların rəqabəti heç də flaqman üçün uğurlu başlamayıb. Onlar ilk qələbəni yalnız 1994/95 mövsümündə, 5-ci şəxsi görüşdə əldə edib. Amma bu rəqabətin daim mövcudluğundan da danışmaq düzgün olmazdı. Müvəqqəti mövqelərini əldən verən "Qarabağ" heç də həmişə "ağ-qaralar"a başağrı olmayıb. Elə ağdamlıların çətin günlər yaşaması üzündən "Neftçi" daha çox - 8 qələbə qazanıb. 26 oyunun 11-i heç-heçə bitibsə, "Qarabağ" 7 dəfə 3 xalı bayram edib. Top fərqində (32:23) flaqmanın böyük üstünlüyü də məhz həmin illərlə bağlıdı. Son illərdə yenə "Qarabağ"ın simasında güclü rəqib tapan bakılılar səfərdə o qədər də başarılı ola bilmir. Cəmi 2 belə qələbə qazanan "Neftçi" ötən il bu seriyanı üçə çatdıra bilmədi. Amma həmin məğlubiyyət "ağ-qaralar"ın milli çempionatda son itkisi sayılır. Bundan sonra keçirdiyi 9 rəsmi qarşılaşmadan yalnız birində (Brüsseldə "Anderlext"ə) yenilən komanda qələbələri sıralamaqda davam edir.
İki komanda arasındakı intriqaya daha bir sübut son üç mövsüm onların heç cür sülh bağlamamasıdı. İstənilən rəqibin "Neftçi"yə qarşı xüsusi əhval-ruhiyyəylə çıxdığını qeyd etmək isə bəlkə də yersiz olardı. Xüsusilə də "Qarabağ" barədə bu sözləri demək olar. Mövsümə hazırlığı hamıdan zəif olan komanda son anda heyətdə qoruyub saxlaya bildiyi oyunçuları bir araya gətirməklə nəyə qadir olduğunu bu gün göstərməlidi. Həm də ağdamlıların tərəfində böyük psixoloji üstünlük var. Çempionluğu hədəfləyən və bu üzdən böyük məsuliyyət altında meydana çıxan qonaqlardan fərqli olaraq "Qarabağ"ın bu mənada işi asan olacaq. Oyunla bağlı son fakt kimi onu qeyd edək ki, qarşılaşma ötən il nəinki tribunaları, hətta meydanın kənarları da dolan Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçiriləcək. Maraqlıdı ki, yenə də bu keçid xarakterli olacaq. Yəni bir il əvvəl "Şəfa"dan bu arenaya dönən "Qarabağ" ilk matçını keçirirdisə, bu dəfə son oyununa çıxıb "Şəfa"ya köçəcək.