“Qarabağ” Çempionlar Liqasında tarix yazdı
“Qarabağ” Çempionlar Liqasında tarix yazdı
“Qarabağ” – “Ferensvaroş” (Macarıstan) - 2:3
Leandro Andrade, 25; Abdullah Zubir, 45 – Lenni Yozef, 12; Barnabas Varqa, 55 (pen.); Aleks Tot, 82
İlk oyun - 3:1
“Qarabağ” Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyununa çıxıb. Komandamız Macarıstanın “Ferensvaroş” kollektivini qəbul edib.
Baş məşqçimiz Qurban Qurbanov Bakıda baş tutan matçda aşağıdakı start “11-liy”inə şans verib: 99. Mateuş Koxalski, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 13. Bəhlul Mustafazadə, 2. Mateus Silva, 8. Marko Yankoviç, 35. Pedro Bikalyo, 20. Kadi Borges, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 90. Nəriman Axundzadə.
Görüş qarşılıqlı hücumlar şəraitində başlayıb. İlk dəqiqələrdən hər iki komanda ön xətdə fəallıq nümayiş etdirib. Xüsusən də, futbolçularımız kəsərli həmlələrlə diqqət çəkiblər. Lakin matçda hesabı qonaqlar açıblar.
Buna baxmayaraq, tezliklə təşəbbüsü ələ alan komandamız ardıcıl hücumlar edərək, vəziyyəti lehimizə çevirməyi bacarıb. Əvvəlcə hissənin ortalarında Leandro Andrade hesabı bərabərləşdirib. Fasilə ərəfəsində isə kapitan Abdullah Zubir komandamızı önə keçirib.
İkinci hissə də gərgin mübarizə ilə yadda qalıb. Hər iki komanda sürətli futbolla qol vurmağa çalışıb. 55-ci dəqiqədə “Ferensvaroş” penalti qolu ilə hesabı bərabərləşdirib. Son dəqiqələrdə Macarıstan klubu üçüncü dəfə fərqlənib. Bununla da oyun “Ferensvaroş”un 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Lakin ilk görüşdə 3:1 qalib gələn komandamız ümumi hesabda rəqibini 5:4 üstələyib.
Beləliklə, komandamız tarixi uğura imza ataraq, Çempionlar Liqasında Liqa mərhələsinə yüksəlib. “Qarabağ” 2017/2018-ci illər mövsümündən sonra ikinci, yeni formatda isə ilk dəfə bunu reallaşdırıb.
Qeyd edək ki, turnirdə Liqa mərhələsinin püşkatma mərasimi avqustun 28-də keçiriləcək.
