“Qarabağ” Çempionlar Liqasının pley-offunda
“Qarabağ” Çempionlar Liqasının pley-offunda
“Lüdoqorets” - “Qarabağ” - 2:7, əlavə vaxtda
Kvadvo Dua, 13; 23 (pen.) - Olavio Juninyo, 7, Yassin Benzia, 45+1 (pen), 116, Patrik Andrade, 45+5, 110, Toral Bayramov, 93, Redon Cica, 112
İlk oyun – 2:1
Komandamız növbəti oyununu keçirib. Çempionlar Liqasında mübarizə aparan “Qarabağ” III təsnifat mərhələsinin cavab matçına çıxıb. Qurban Qurbanovun yetirmələri Bolqarıstanda “Lüdoqorets”lə üz-üzə gəlib.
Komandamız görüşə aşağıdakı start heyəti ilə çıxıb: 97. Fabiyan Buntiç, 29. Marko Veşoviç, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 6. Julio Romao, 8. Marko Yankoviç, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 7. Yassin Benzia, 18. Olavio Juninyo.
Qarşılaşmanın ilk 45 dəqiqəsi məhsuldar alınıb. Olavio Juninyo erkən qolla komandamızı hesabda önə çıxarıb.
Buraxılan topdan sonra fəallaşan meydan sahibləri qısa müddətdə iki qol vurmağı bacarıblar. Artıq ilk yarıda komandamız iki itki ilə də üzləşib. Marko Veşoviç və Marko Yankoviç zədələnib. Onları Mateus Silva və Patrik Andrade əvəz edib.
Komandamız ilk yarıya artırılan dəqiqələrdə oyunda dönüş yaradıb. Öncə Yassin Benzia penaltidən yararlanıb. Ardınca Patrik Andrade fərqlənib – 3:2.
İkinci 45 dəqiqə komandamızın üstünlüyü ilə keçib. Qol vurmaq imkanları da olan “Qarabağ” fərqi artıra bilməyib. İkinci hissənin sonlarında Elvin Cəfərquliyev də zədə səbəbindən yerini Toral Bayramova verib.
Cütün taleyi əlavə vaxtda həll olunub. Daha dörd qol vuran komandamız böyükhesablı qələbə qazanıb – 7:2. Toral Bayramov, Redon Cica, Patrik Andrade və Yassin Benzia Bolqarıstan klubunu məyus edib.
Qeyd edək ki, “Qarabağ” pley-offda Zaqreb “Dinamo”su ilə görüşəcək. Bu mərhələnin ilk matçları avqustun 20-21-də, cavab görüşləri 27-28-də baş tutacaq.