"QARABAĞ" CƏNUBİ KOREYALILARA...( 525-Cİ QƏZET, 01 FEVRAL,2005)
1 Fev 2005
"QARABAĞ" CƏNUBİ KOREYALILARA...( 525-Cİ QƏZET, 01 FEVRAL,2005)
Milli futbol çempionatının birinci dövrəsini lider kimi tamamlayan "Qarabağ" Antalyadakı təlim-məşq toplantısı çərçivəsində növbəti yoxlama oyununu keçirib. Ağdam komandası Cənubi Koreyanın tanınmış klubu "İnson Yunayted"lə qarşılaşıb. "Qarabağ" kimi, "İnson Yunayted"in də bir neçə üzvü öz ölkəsinin yığma komandasının şərəfini qoruyur. Bərabər səviyyəli oyunda daha təcrübəli asiyalılar qələbə qazanıblar. Bununla belə, "Qarabağ" rəqibdən heç də zəif təsir bağışlamayıb.
Qarşılaşmada hesabı cənubi koreyalılar açıb. Komandamız fasiləyə məğlub durumda yollanıb. "İnson Yunayted"lilərin sürətli oyununa gözəl texnikayla cavab verən Ağdam klubu ikinci hissənin əvvəllərində tarazlığı bərpa edib. Cavab qolunun müəllifi Vadim Vasilyev olub. 70-ci dəqiqədə "Qarabağ"ın baş məşqçisi İqor Ponomaryov baxışda olan dörd əcnəbi futbolçunu meydana buraxıb. Yeni futbolçular komandanın oyun stilinə tam öyrəşmədiklərindən "İnson Yunayted" tam təşəbbüsə yiyələnib. Bunun məntiqi nəticəsi kimi, cənubi koreyalılar görüşün başa çatmasına bir neçə dəqiqə qalmış qələbə topunu vurublar - 1:2. Məğlubiyyətə baxmayaraq, İ.Ponomaryov yetirmələrinin oyunundan narazılıq etməyib. "Qarabağ" bu gün daha bir yoxlama matçı keçirməlidir.