"Qarabağ" da gəncləşdirməyə üstünlük verdi (futbol+,16.12.2006)

single-news
16 Dek 2006

"Qarabağ" da gəncləşdirməyə üstünlük verdi (futbol+,16.12.2006)



Kara bir milyonun potensialından istifadə edəcək Rasim Kara "Qarabağ"ın baş məşqçi postuna keçdikdən sonra heç bir açıqlama verməyən klub rəsmiləri yeni çalışdırıcının tanıtma mərasimində bütün suallara aydınlıq gələcəyini bildirirdi. Mətbuat konfransı srağagün təyin olunduğu vaxtdan gec başlasa da, gözləməyə dəyərdi. Çünki Ağdam klubunun ciddi dəyişikliklər ərəfsində olduğunu öyrəndik. "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl və icraçı direktor Əmrah Çəlikəllə birlikdə jurnalistlərin qarşısına çıxan Kara ikinci Azərbaycan klubunda özünü sınayacağından türkiyəlinin budəfəki məqsədləri daha çox maraq doğururdu. Baş məqçinin danışığından belə nəticə çıxdı: yeni "Qarabağ" gəncləşdiriləcək. Amma eyni zamanda ağdamlılar bacardıqları qədər turnir cədvəlində yuxarı qalxmağa çalışacaq. Yaxşısı budu, sözü verək Rasim hocaya... * Türkiyədə olarkən telefonumu bağladım. Çünki hər şey dəqiq məlum olmadığından sizə nəsə deməyin mənası yox idi. İndi gördüyünüz kimi anlaşdıq və qarşınızdayam. * Hər şeydən əvvəl birinci dövrə və ondan əvvəl çalışan Böyükağa Ağayevlə komandasına təşəkkür edirəm. Peşəkarlıqdan asılı olaraq bu cür olaylar hər bir komandada yaşanır. İşlər öz qaydasında getməyəndə arzulamadığımız olaylarla qarşılaşırıq. * Buraya gələrkən heç kimə qarşı hörmətsizlik etmək istəmədim və bu mənada yollarımızı ayırdığımız məşqçilərə əvəzedici heyətdə çalışmağı təklif etdik. Onların bəziləriylə bu mənada gələcək planlarımızla bağlı işbirliyinə davam edəcəyik. * Təbii olaraq, öz məşqçi korpusumu özüm yaradıram. Azərbaycanda yaxından tanıdığım və mənimlə çalışmaq istəyən məşqçi dostlarım var. Türkiyədən də var. Ancaq "Qarabağ"ın əvəzedici heyətində çalışmış Elşad Xudadatov, Lənkəranda birlikdə işlədiyim Tayfun Gürsəl və qapıçı məşqçisi Aykut Çətini heyətimizə qatdıq. * Ən azı 1,5 illik müqaviləmiz var. Ancaq Tahir bəyin söylədiyi kimi inşallah, bu anlaşma uzunmüddətli olar. Onun dediyi niyyətlə buraya gəlmişəm. * Ötən mövsüm ölkə kubokunu qazanan "Qarabağ" birinci dövrədən sonra 7-8 iddialı komandayla müqayisədə autsayder vəziyyətindədi. Belə bir komandada məşqçi dəyişikliyi olduqca təbiidi. Yeni transferlər də normal qarşılanmalıdı. * Lənkərana da gələndə demişdim ki, hədəfimiz həmişə yuxarı pillələr olacaq. Oyunçusundan tutmuş bazasınadək. İndi "Xəzər"i zirvədə görmək ən çox məni sevindirir. Çünki bu mövsüm heyətlərinə qatdığı 1-2 oyunçu istisna olmaqla mənim yaratdığım komandadı. * "Qarabağ"ın hazırki vəziyyətində çox ağıllı plan hazırlamalıyıq. Planlamağı bacarmasaz, başarısızlığı planlayarsız. Biz proqramla hərəkət etməyə məcburuq. * İkinci dövrədə turnir cədvəlində yuxarı çıxa bildiyimiz qədər çıxacağıq. 3-cü də ola bilər, 5-ci də, 6-cı da. * Əvəzedici heyətdən 6 gənc oyunçunu millinin aşağı yaş qruplarında forma geyən əsas komandaya cəlb etmişik. Bu heç də tam gənc komanda yaradacağımız anlamına gəlmir. Bizim hədəfimiz 2007/08 mövsümü və ondan sonrasıdı. * Yerli və əcnəbi olmaqla bizi bu hədəfimizə çatdıracaq, davranışlarıyla gənclərə nümunə olacaq, təcrübəsini paylaşacaq çox sürpriz isimlər ola bilər. Həm xarakterinə, həm oyununa inandığımız futbolçular alacağıq. Tələsmirik, bəlkə iki oyunçu aldıq, bəlkə beş. * Mütləq bir stadion, bir neçə məşq meydançası və baza yaradacağıq. Ən qısa vaxtda. Bunadək Suraxanı, "Ədliyyə", hara olursa-olsun məşq edib, oyuna çıxacağıq. Daşın üstündə də olsa, oynayacağıq. * Bizim digər komandalardan fərqimiz var. Qarabağ komandası olmağımız üzərimizdə əlavə məsuliyyət yaradır. Hamının zövqlə izləyə, azarkeşlik edə biləcəyi komanda yaradacağıq. * Türkiyədə də məndən qısa vaxtda uğur gözləyirlər. Bu heç də asan iş deyil. Heç bir zəfərə güllü yollarla gedilməyib. Biz tikanları yara-yara gedəcəyik. * Mənim anam qafqazəsillidi. Buranın mahnılarını, bu torpağı, Azərbaycanı öz ölkəm qədər sevirəm. Onsuz da eyni millətik. Yəni işimi bu ölkəni sevərək görəcəm. * Pul məsələsində Mübariz bəylə ("Xəzər-Lənkəran"ın prezidenti Mənsimovu nəzərdə tutur) də danışmamışdım, Tahir bəylə də heç nəyi müzakirə etmədim. Bu mənlik deyil. Qoy mən burda iş görüm, fidan əkim və bu fidanı sulayaq, yetişib böyüsün. Yığmaya oyunçu verək, gənc oyunçulara xidmət edək. * Yanvarın 5-də Antalyada "Sayns Risörv" otelində 20 günlük təlim-məşq toplanışımız başlayacaq. Təxminən 5-6 yoldaşlıq oyunu keçirəcəyik. Sonra bura qayıdıb burda da bir-iki matça çıxacağıq. * Yeni transferlərlə bağlı görüşlərimiz davam edir. Bizim oyunçuyla anlaşmağımız hələ hər şeyi həll etmir. Bir neçə günə bu məsələyə aydınlıq gələcək. * Slabodan Saladoyeviçin müqavilə müddəti bitdi və onunla yollarımızı ayırdıq. İrakliylə Qoqa Berayalar əməliyyat keçirib. Qoqa bizimlə artıq çalışmağa hazırdı. Ancaq İrakli 6 ay sonra yaşıl meydana qayıda biləcək. Bu mənada onların məsələsində bir az sual işarəsi var. * Ümidvarıq ki, Sergey Sokolov da az cəza alar. Ancaq ondan bəlkə heç ikinci dövrə istifadə edə bilmədik. Müqaviləsi davam edəcək. * Hakan Dəmir qalacaq. Ancaq indi elə bir vəziyyət yaranıb ki, oyunçuların hamısı gedə bilər. Futbolçularla toplantı keçirib məqsədlərimizi və hədəflərimizi onlara aydınlaşdırdım. "İstəyən qalsın, istəməyən getsin" dedim. * Transferlər arasında sürpriz isimlər olacaq. Rusiyadan, Türkiyədən, Gürcüstandan ola bilər. Oktay Dərəlioğlu planlarımızda yoxdu. * Biz bir milyon qaçqın düşmüş qarabağlıların gənclərindən yararlanacağıq. "Qarabağ"ı onlara, onları "Qarabağ"a qazandıracağıq. * Başqa komandaların bəzi gənc oyunçuları da gündəmimizdədi. Ancaq ortada qəti heç nə olmadığından sizə ad deyib onların pis vəziyyətə salmaq istəməzdim.Tahir Gözəl, "Qarabağ"ın vitse-prezidenti: "Bu məqamda "Qarabağ" rəhbərliyi olaraq qəbul etdiyimiz qərarlar Azərbaycan futbolunun gələcəyi üçün çox önəmlidi. Mən bir neçə dəfə komandamızın bumövsümkü çıxışıyla bağlı narazılığımı dilə gətirmişdim. Ancaq bunu futbolçuların boynuna atmaq, ya da başqa bir-iki səbəblərə bağlamaq doğru deyil. Biz çox ciddi şəkildə oturub fikirləşdik. Və belə qərara gəldim ki, bir təşkilatda ən önəmli şey heç də maddi imkan deyil. İdarəçilikdən və idarə edən şəxslərdən çox şey asılıdı. Hər şeydən əvvəl insan gücü, insan düşüncəsi və rəhbərlik çox önəmlidi. İdarəçilik edən şəxslərin düşünmə qabiliyyəti, istəyi, təmiz niyyəti olmalıdı. Fakt budu ki, Azərbaycandakı klubların çoxu bu mənada səriştəsiz və çox cavandı. Belə bir məqamda öz-özümə dedim ki, artıq peşəkar klub olmaq yönündə ciddi addım atmaq vaxtıdı. Hədəfimiz tez bir-iki futbolçu gətirib zirvəyə çıxmaq olmamalıdı. Daha dərin təhlil və həllə ehtiyac vardı. Azərbaycanda futbol səviyyəsinin qalxmasını bura gətirəcəyimiz adamların bilgi və təcrübəsini yüksək olmasına bağlayıram. Ona görə də Rasim hocayla görüşəndə ona futbol sektoruna daha çox əhəmiyyət vermək istədiyimi bildirdim və yuxarıdakı fikirlərimi bölüşdüm. O da mənimlə razılaşaraq belə bir planın olduğunu və fikirlərimizin üst-üstdə düşdüyünü bildirdi. Bu ölkə alim, menecer çıxardacaq. Amma küçədə top qovan gənclərin potensialından istifadə etməliyik ki, Azərbaycan yaxşı futbolçu da yetişdirə bilsin. Düzdü, "Qarabağ" həmişə iddialı klub olub və iddialı da qalacaq. Ancaq artıq məqsədlərimiz gələcəklə bağlıdı. Bir klub olmaq yönündə önəmli addımlar atmaq istəyirik. "Qarabağ"da çatışmazlıqlar hələ də var və uzunmüddətli planlarla hədəfimizə çatmaq istəyirik. Rasim hocanın burda olmasını bu yöndə atılmış ciddi addım sayıram. Güman edirəm ki, bu birliyimiz uzunmüddətli olacaq. Stadion məsələsinə gəlincə, bildiyiniz kimi dövlətin inkişaf proqramı var. Bundan yararlana bilərik. Ancaq bəlkə qarşıda elə bir şans çıxdı ki, biz hazır stadion ala bildik. Bu mənada tələsmirik". Ötən mövsüm "Turan"ın addımına oxşar hərəkətlə seçilən ağdamlılar hələ transferlərlə bağlı qərar verməyib. Bu səbəbdən komandadan gedəcək futbolçuların və yeni gələnlərin kimliyi bilinmir. Amma o bəllidi ki, artıq komandanın sabiq baş məşqçisi olan Böyükağa Ağayevin Qarabağ"lı günləri bitib. Təəssüf ki, Böyükağa bəy son hadisələrlə bağlı yenə "Futbol+"ə danışmaq istəmədi.

Paylaş

// pop up