“Qarabağ” da “qara pasport” istəyir?!(FUTBOL+,20.02.2006)

single-news
20 Fev 2006

“Qarabağ” da “qara pasport” istəyir?!(FUTBOL+,20.02.2006)



Dövrələrarası fasilədə bütün legionerləriylə yollarını ayıran “Qarabağ” əvəzində yeni əcnəbiləri sıralarına qatdı. Serb Zoran Çilinşek və Bojan İliçlə müqavilə bağlayan ağdamlılar daha sonra “Gəncə”nin düşdüyü vəziyyətdən yararlanaraq Sergey Sokolov, İrakli və Qoqa Berayaları da rənglərinə bağladılar. Fasilədə bir çox əcnəbi futboçuları baxışa çağırmasına rəğmən, “Qarabağ” rəsmiləri serblər istisna olmaqla, onların hamısını geri qaytardı. Belədə cəmi beş legoneri olan komandanın limit problemi olmayacaqdı. Ancaq son anda hücumçu Egidius Yuşkanın tranferini həll edən bölgə təmsilçisində də limitlə bağlı narahatlıq yarandı. Gözlənilirdi ki, komandanın baş məşqçisi Böyükağa Ağayev 6 legionerdən hansınısa ehtiyatda saxlasın. Amma deyəsən, “Qarabağ” da milliləşdirməyə maraq göstərən klublara qoşulmaq fikrindədi. Yığmanın baş məşqçisi Şahin Diniyev Ukrayna millisiylə qarşılaşacaq heyəti açıqlayarkən ağdamlıların müdafiəçisi Sokolovun adını görəndə təəccübləndik. Hətta bunun sadəcə, texniki səhv olduğunu zənn edib inanmadıq. Ancaq sonradan dəqiqləşdirdik ki, həqiqətən eks-“Gəncə”li ukraynalılarla qarşılaşmada sınanacaq. Amma nə qədər qəribə görünsə də, o hələ milliləşdirilməyib. Belə ki, Sergey qarşıdakı matçda özünü yaxşı tərəfdən göstərsə, o zaman onun milliləşdirilməsi məsələsinə baxılacaq. Belədə daha çox “Qarabağ”ın qazanacağı və bu işdə az marağı olmaması şübhəsizdi. Söz yox, bu Ağdam klubunda Azərbaycan vətəndaşlığını qəbul edən ilk əcnəbi olacaq və bəzi komandalarla müqayisədə elə də diqqət çəkmir. Amma hər halda, qəzetimizin təsis etdiyi “Qara pasport” laureatı olmaq üçün daha bir addım atıldı. Həmişə milliləşdirmənin daha çox yığma komanda naminə edilməsi iddiasıyla çıxış edən klub rəsmilərinin diqqətinə bir faktı çatdırmaq istərdik. Şübhəsiz, ölkə çempionatının son turunda mərkəzi oyun “Karvan”la “İnter” arasında oldu. Elə bu üzdən yığmaya namizədləri nəzərdən keçirmək üçün Diniyev də matçı izləyənlər arasında idi. Amma həmin matçda tərəflər bütövlükdə 15 əcnəbi oyunçunu meydana buraxdı ki, belədə millinin çalışdırıcısı oyununu izləmək istədiyi futbolçuları iş başında görə bilmədi. Məsələn, Yevlax klubunda Cəmşid Məhərrəmov və Elnur Abbasov, qonaqlarda isə Elvin Nuriyev, Ramin Sayadov, Zaur Həşimov kimi futbolçular ehtiyatda qaldı. “Karvan”ın heyətində forma geyən yerli oyunçulardan Kənan Kərimov, İsmayıl Məmmədov, Mahir Şükürov start heyətində yer alsa da, onlar milliyə namizədlərdən sayılmır. “İnter”də isə Fərhad Vəliyevlə Ruslan Poladov ilk dəqiqələrdən meydanda idi. Amma sonuncu elə ilk dəqiqələrdən zədələnərək meydanı tərk etmək məcburiyyətində qaldı ki, belədə Diniyev onun çıxışını sonadək izləyə bilmədi. Yalnız bu mənada Fərhadı və komandanın kapitanı Elmar Baxşıyevi fərqləndirmək olar. Hər halda, “bank təmsilçisi”nin heyətində özünü yaxşı tərəfdən göstərə bilən bu futbolçular Şahin bəyin də diqqətini çəkməyə bilməzdi. Amma bütövlükdə çempionluq uğrunda müöarizə aparan iki komandanın heyətində milliyə namiizədlərin barmaqla sayılması təəssüf doğurur. Hörmətli klub rəsmiləri, milliləşdirmə əməliyatınızın milli xeyri budu? P.S. Bu hələ harasıdı. Dünən gənclər yığmasının da heyəti açıqlanandan sonra bəlli oldu ki, Berayaların hesabına “Qarabağ”ın milliləşənləri daha çox olacaq.

Paylaş

// pop up