"QARABAĞ" DAHA BİR FUTBOLÇU ALMAQ İSTƏYİR (28.07.2008 futbol+)
"QARABAĞ" DAHA BİR FUTBOLÇU ALMAQ İSTƏYİR (28.07.2008 futbol+)
Qısa istirahətdən sonra çempionatöncəsi son hazırlıq mərhələsinə qədəm qoyan "Qarabağ"ın paytaxtdakı çalışmalara ancaq yerli oyunçularla başladığını xəbər vermişdik. Amma baş məşqçi Rasim Karanın ardınca ağdamlıların legioner futbolçuları da Bakıya qayıdır. Belə ki, komandanın düşərgəsinə daha tez qoşulan Sedat Şahinin ardından Artim Şakiri və Zəkəriyyə Ramazani də paytaxtımıza təşrif buyurub.
Onlarla yanaşı ağdamlıların adlarını hələlik gizli saxladığı oyunçulardan da düşərgəyə qoşulanlar var. Belə ki, həmin oyunçulardan biri - Neni Bihombele Konqoda dünyaya göz açsa da, Fransa vətəndaşıdı. Karyerası boyunca Fransa, Rumıniya, Belçika, İsveçrə, Yunanıstan klublarında top qovub. Futbolçunun sonuncu iş yeri isə İspaniyanın B divizionunun təmsilçisi "Hueska" olub. 29 yaşlı futbolçunun gələcək taleyinə qarşıdakı günlərdə aydınlıq gətiriləcəyi gözlənilir. Onunla yanaşı ağdamlıların düşərgəsinə qarşıdakı günlərdə daha bir neçə əcnəbi futbolçunun gəlməsi də gündəmdədi.
Bəs görəsən, qarşısına çempion olmaq məqsədi qoyan Ağdam təmsilçisinin növbəti mövsümə hazırlığı bütövlükdə hansı səviyyədədi. Məhz bu haqda fikirlərini öyrənmək məqsədiylə dünən komandanın baş məşqçisiylə söhbətləşməyi qərara aldıq. Kara ilk olaraq Qızılcahamam toplanışından söhbət açdı: "Bildiyiniz kimi, biz hər il olduğu kimi, bu il də hazırlıq keçmək üçün Türkiyəyə getdik. Təxminən üç həftə Qızılcahamam bölgəsində təlim-məşq toplanışı keçirdik. Hazırlıq çərçivəsində yoxlama oyunlarında da qüvvəmizi sınadıq. "Əskişəhərspor", "Zestafoni", "Kayserispor" kimi komandalarla görüşlərdə bütövlükdə hər kəsə şans verməyə çalışdım. Bu matçlarda həm öz oyunçularımızı, həm də düşərgəmizə baxışa gələn bir sıra legioner futbolçuları sınaqdan keçirdik. Bütövlükdə ölkə xaricindəki hazırlığımızdan razı qaldığımı deyə bilərəm. Baxmayaraq ki, bu il burda olduğu kimi, Türkiyədə də havalar həddən artıq isti keçməkdədi və bu müəyyən mənada əngəl sayıla bilər. Ancaq qarşısına ciddi məqsəd qoyan komanda, onun üzvləri istənilən əngələ baxmayaraq, ona çatmaq üçün əlindən gələni etməlidi. Biz də Türkiyədəki hazırlıq prossesində bütün gücümüzlə çatışmazlıqlar üzərində işlədik, boşluqları aradan qaldırmağa çalışdıq".
Türkiyəli mütəxəssis Qızılcahamamda bəyəndiyi futbolçular haqda da öz fikirlərini bizimlə bölüşdü: "Yəqin bilirsiz ki, orda sınaqdan keçirdiyimiz futbolçulardan bəzilərini bəyəndik. Şakirini ora gedənə qədər artıq sıralarımıza qatmışdıq. Sadəcə, o komandamızla ilk məşqinə orda çıxdı. Qızılcahamamda isə makedoniyalı müdafiəçi Ramazanini bəyəndim. Onun kimi digər arxa xətt oyunçusu - türkiyəli gənc futbolçu Muarem də bundan sonra "Qarabağ"ın şərəfini qoruyacaq. Həm orta sahədə, həm də hücumda eyni səviyyədə çıxış edə bilən Sedat Şahini də sıralarımıza qatmağı lazım bildik. Türk əsilli bosniyalı oyunçuya çox böyük ümid bəsləyirik. Onlarla yanaşı, yerli futbolçulardan Namiq Yusifovun geri qayıtmasından da xəbərdarsız. Türkiyədəki hazırlıq prossesində sıralarımıza qatdığımız Sahil Kərimova da ümidimiz çoxdu. Amma bu hələ son deyil. Çox güman ki, daha bir oyunçu alacağıq. Çünki hücum xəttinə daha bir səviyyəli oyunçu almaq fikrimiz var. Bu məqsədlə düşərgəmizə fransalı oyunçu dəvət etmişik. Sabah isə Bolqarıstandan bir oyunçu gəlməlidi. İndi qarşıdakı günlərdə həmin oyunçuları sınaqdan keçirib, işimizə yarayıb-yaramayacaqlarını yoxlayacağıq. Tələblərimizə cavab verən hücumçu da alsaq, komandamızın növbəti mövsümə tam hazır olduğunu deyə bilərik".
Bəs görəsən, Kara hazırlıq səviyyəsinə görə komandasının çempionluq vəzifəsinin öhdəsindən gələcəyinə nə dərəcədə inanır? Rasim bəy transferlərə digər elita təmsilçiləri qədər pul xərcləməmələrinə rəğmən, bu çətin işi bacaracaqlarına əmindi: "Yəqin razılaşarsız ki, biz heç də digər klublar kimi transferlərə, xüsusilə legioner oyunçuların alınmasına böyük pullar xərcləmədik. Çünki çempionluğu hədəfləməklə yanaşı, klub kimi formalaşmağı da yaddan çıxarmırıq. İstənilən halda, imkanlarımızdan maksimum yararlanmaqla mövsümü birinci pillədə bitirməyə çalışacağıq. Yenə deyirəm ki, bu yolda daha bir hücumçu almağımız vacibdi. Odu ki, axtarışlarımızı davam etdiririk. İnşallah, bu mövqeyə güclü oyunçu alsaq, daha yaxşı olar. Belədə premyer-liqaya arzuladığımız şəkildə başlamağımız mümkün olacaq ki, bu da çox vacib amildi. Şəxsən mən hətta indiki halda da komandamın yuxarı pillələr uğrunda mübarizə aparacaq, azarkeşlərini sevindirəcək gücdə olduğunu düşünürəm".
Amma bəzi elita təmsilçiləri kimi "Qarabağ" da bəzi oyunçularının hərbi xidmətə çağırılmasına görə çempionat öncəsi problemlə üzləşdi. Görəsən, Rauf Əliyev, Nodar Məmmədov və Fərhad Vəliyevin yoxluğunu baş məşqçi komandası üçün nə dərəcədə böyük itki hesab edir? Maraqlıdı ki, onlarla bağlı yaranan problemi qanunauyğun hesab edən mütəxəssis hələ də yetirmələrinin qalacağına ümidlidi: "İstənilən halda, hər bir vətəndaş üçün ölkəsinin şərəfini qorumaq böyük qürurdu. Yəni bütün gənclər kimi "Qarabağ"ın oyunçuları da vətən qarşısında borcundan çıxmalıdı. Amma ola bilər ki, onların məsələsi istədiyimiz kimi yekunlaşsın və geri qayıtsınlar. Hər halda bu rəhbərliyin işidi. Müəyyən ümid yeri varsa, çalışacağıq ki, Fərhad, Rauf, Nodar kimi gənc və perspektivli oyunçuları sıralarımızda saxlayaq. Çünki onlara ehtiyacımız var. Düzdü, Sahili dəvət etməklə Vəliyevin, Türkiyədə bəyəndiyimiz müdafiəçilərlə Nodarın, almaq istədiyimiz daha bir hücumçuyla Raufun yoxluğunu hiss etdirməməyi düşünürük. Ancaq istənilən halda, qarşısına böyük vəzifələr qoyan komandamızın sıralarının geniş olması vacibdi. Amma bunu problemə çevirmək fikrində deyiləm. Onlarsız da keçinə bilərik".
Sonda onu da nəzərinizə çatdıraq ki, çempionat başlayana qədər məşqlərini Bakıda davam etdirməyi planlaşdıran "Qarabağ" bu müddətdə daha iki yoxlama matçı keçirməyi planlaşdırır. Baş məşqçinin verdiyi bilgiyə görə, iyulun 30-da "Bakı-2" ilə yoxlama görüşü keçirəcək Ağdam təmsilçisi avqustun 2-də elitaya yenicə vəsiqə qazanan NBC-ylə münasibətlərinə aydınlıq gətirəcək. Kara bu görüşlərdə həm də sıralarına qatmağı planlaşdırdığı yeni hücumçuları sınamağı düşünür.