«QARABAĞ» DAHA BİR QƏLƏBƏSİNİ QAZANDI

single-news
24 Okt 2004

«QARABAĞ» DAHA BİR QƏLƏBƏSİNİ QAZANDI



(«Çempion» qəzeti 18-21 oktyabr) Son turdan əvvəl liderlik zirvəsində qərarlaşan «Qarabağ» bu matçda da mövqeyini qorumaq əzmində idi. «Bakılı»nı isə hələ təyinatı rəsmiləşməmiş Nadir Qasımov meydançaya çıxarmışdı. Hakimin start fitindən sonra gözlənilənin əksinə olaraq, tərəflər ehtiyatlı oyuna üstünlük verir, hücum etməkdən çəkinirdilər. Matçdan qabaq yağış yağdığından meydançanın çox hissəsinə su yığılmışdı ki, bu da zaman-zaman komandalara yaradıcı oyun sərgiləməyə mane olurdu. Qarşılaşmada yaradılan ilk təhlükəli vəziyyət isə qolla nəticələndi. İsmayıl sağ cinaha keçərək cərimə meydançasına gözəl ötürmə verdi. Qapıçı ilə üzbəüz qalan Vadim hesabı açmağa çətinlik çəkmədi. Az sonra görüşün ən mübahisəli epizodu baş verdi. Nəsimi Orucovun zərbəsinin qarşısını qonaqların müdafiəçisi Abuzər İbrahimov əllə kəsdi, lakin referi «davam» işarəsi verdi. 29-cu dəqiqədə ağdamlılar rəqibi daha bir dəfə məyus etdilər. İsmayılın bu dəfə sol cinahdan asmasını Samir başla Aslan Kərimovun önünə atdı. O isə topu qapıdan keçirtdi. Bu qoldan sonra da sakitləşməyən ağdamlılar meydançada əsl futbol şousu göstərirdilər. Hücumların bir-birini əvəz etməsi daha bir qolun vurulacağından xəbər verirdi. Belə də oldu. Ruslan Musayevin ötürməsini Samir yıxılaraq qapıdan keçirtdi. Hissənin sonuna qədər qapılar önündə daha təhlükəli vəziyyət yaranmadı. İkinci hissə başlayan kimi görüş necə deyərlər, qaldığı yerdən davam etdi. 48-ci diqiqədə Ruslanın gözəl zərbəsi qapını tapmadı. Az sonra Samirin zərbəsini Faiq Əzizov tuta bildi. 56-cı dəqiqədə baş məşqçi İqor Ponomaryov oğlu Anatolini meydana buraxdı. Bu Tolikin milli çempionatda debütü idi. O, əvəz etdiyi Samir Musayevin hücumçu mövqeyində qərarlaşdı. Az sonra görüş ərzində «Bakılı» yeganə təhlükəli vəziyyətini yaratdı. Ağdamlı müdafiəçilər topu müdafiədən çıxararkən top gölməçələrin birinə ilişdi. Bu zaman Kollinz bundan istifadə edib, qapıya zərbə endirdi, lakin top qapı dirəyinə dəydi. Ümumiyyətlə, ev sahibləri yaxşı oyun göstərmir, xüsusilə hücumda heç nə ilə yadda qalmırdılar. Bunu onların rəqib qapısında təhlükə yaratmaqda çətinlik çəkmələri də göstərirdi. Son 20 dəqiqədə isə «Qarabağ»ın hücumları ara vermirdi. 71-ci dəqiqədə İsmayılın zərbəsi təhlükəli alındı. 77-ci dəqiqədə çoxgedişli Vadim tamamlaya bilmədi. 81-ci dəqiqədə isə Anatoli debütünü qolla qeyd edə bilərdi. İsmayılın sol cinahdan asmasından sonra top Namiqə gəldi. Onun zərbəsini qapıçı qaytardı, lakin top Anatolinin önünə düşdü. Onun 3 metrdən zərbəsi müdafiəçiyə, sonra isə qapı tirinə dəyib meydançadan çızdı. 84-cü dəqiqədə İsmayılın mükəmməl zərbəsi qapı tirindən döndü. Görüşdə son qol vəziyyətini Vadim yaratdı. Yorulmaq bilməyən forvardın zərbəsindən sonra qolkiper qola imkan vermədi. İqor Ponomaryov («Qarabağ»): «Görüş yaxşı keçdi. Biz yaxşı oynadıq. 3-0 hesabı da bunu sübut edir. O ki, qaldı Anatolinin oyununa, o pis təsir bağışlamadı. Lakin hiss olunur ki, hələ komandaya uyğunlaşmayıb». Görüşdən sonra azarkeşlərə avtoqraf paylayan Anatoli isə matç barədə fikirlərini belə bildirdi: «Yaxşı oynadıq. Üç topluq fərqlə qalib gəlməyimiz də bunu sübut edir. Debütüm haqda nə deyə bilərəm? Məncə pis alınmadı. Qol da vura bilərdim. Amma qapı tiri buna mane oldu. Yəqin ki, gələcək matçlarda fərqlənə də bilərəm».

Paylaş