"Qarabağ" Elxan Abdullayevlə vidalaşdı (525-CI QƏZET, 23.12.2005)

single-news
23 Dek 2005

"Qarabağ" Elxan Abdullayevlə vidalaşdı (525-CI QƏZET, 23.12.2005)



AĞDAM KLUBU HƏM DƏ 9 FUTBOLÇU İLƏ YOLLARINI AYIRDI Ağdamın "Qarabağ" klubunun baş məşqçisi Elxan Abdullayev dünən tutduğu vəzifədən kənarlaşdırılıb. Gənc çalışdırıcı klub prezidenti Abdulbari Gözəllə görüşərək qarşılıqlı razılaşma əsasında komandadan ayrılıb. Abdulbari Gözəl Elxan Abdullayevə "Qarabağ"dakı fəaliyyətinə görə öz təşəkkürünü bildirib və gələcək karyerasında uğurlar arzulayıb. Qeyd edək ki, Elxan Abdullayev "Qarabağ"da təxminən altı aya yaxın müddət çalışıb. Onun başçılığı altında ağdamlılar ilk dövrəni 14 komanda arasında doqquzuncu yerdə başa vurub. Keçirdiyi 13 görüşdə 4 qələbə qazanıb, 3 dəfə də heç-heçə oynayan "Qarabağ" 6 dəfə də meydanı məğlub tərk edib. Bu oyunlarda 15 qol vuran Ağdam klubu öz qapısında 19 top görüb. Bundan başqa "Qarabağ" Elxan Abdullayevin rəhbərliyi ilə ölkə kubokunun 1/4 final mərhələsinə də yüksəlib. Abdullayevi kimin əvəzləyəcəyi isə gələn həftə məlum olacaq. Məhz bundan sonra kluba gələcək yeni futbolçuların adları bilinəcək. Ağdam klubu dünən həm də 9 futbolçu ilə vidalaşıb. Tərlan Mahmudov, Dmitri Yeremeyev, Rəşad Muradov, Fəqan Şahbazov, Eltay Aslanov, Dmitri Spirin, Blazenko Bekovaç, Denis Sokolovski və Sergey Kravçenko bundan sonra uğuru başqa yerdə axtarmalı olacaq.

Paylaş