"QARABAĞ" FƏRQİ ARTIRIR(XALQ QƏZETİ, 02 FEVRAL, 2005)

single-news
2 Mar 2005

"QARABAĞ" FƏRQİ ARTIRIR(XALQ QƏZETİ, 02 FEVRAL, 2005)



Azərbaycanın XIII milli futbol çempionatının lideri — Ağdamın “Qarabağ” komandasının iyirmi birinci turda Yevlaxda yerli “Karvan” üzərində qələbəsi (1:0) İqor Ponomaryovun yetirmələrinə 50 xal toplayaraq turnir cədvəlində ən yaxın izləyiciləri ilə fərqi dörd xala çatdırmaq imkanı vermişdir. İkinci-üçüncü mövqelərdə olan yevlaxlıların və hesabat turunda Sumqayıtda “Gənclərbirliyi”nə qalib gəlmiş (2:1) “Neftçi”nin isə 46 xalı vardır. “Bakı” və “Xəzər-Lənkəran” da bu turda öz nəticələrindən razı qala bilərlər. Paytaxt futbolçularının “Gəncə” üzərində çətin qələbəsi (1:0), lənkəranlıların Şəmkirdə eyniadlı yerli klubla görüşdə böyük hesabla müvəffəqiyyəti (4:0) yüksək məqsədlər uğrunda mübarizədə onların turnir vəziyyətlərini müəyyən dərəcədə yaxşılaşdırmışdır. Bu oyunlardan sonra “Bakı” 45, ehtiyatda “Turan”la əvvəlki turlardan buraxılmış görüşü olan “Xəzər-Lənkəran” isə 43 xala malikdir. “MKT-Araz”—"İnter" qarşılaşmasında qeydə alınmış qolsuz heç-heçə avrokuboklarda oynamaq arzusu ilə yaşayan bu rəqiblərin heç birinin ürəyindən olmamışdır. MOİK—"Şahdağ—Samur" görüşündə də azarkeşlər qol görməmişlər. “Turan” isə çempionatda çıxışlarını dayandırmağa məcbur olan “Şəfa” ilə oyuna görə mübarizəsiz üç xal qazanmışdır. Tura dünən keçirilən “Bakılı”—"Karat" (1:1) və “Göyəzən” — “Ədliyyə” (1:0) görüşləri ilə yekun vurulmuşdur.

Paylaş